Ağdamda təşkil olunan peşə hazırlığı kurslarına mediatur təşkil edilib - FOTO

Ağdamda təşkil olunan peşə hazırlığı kurslarına mediatur təşkil edilib - FOTO
# 03 may 2024 14:30 (UTC +04:00)

Media nümayəndələri işğaldan azad olunan ərazilərin sakinləri üçün təşkil olunan peşə kursları ilə tanış olublar.

APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərin sakinləri üçün Ağdam rayonunda təşkil olunmuş peşə tədrisi prosesi ilə tanışlığı məqsədilə mediatur təşkil edib.

Jurnalistlərə həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin bir istiqaməti olaraq sakinlərin peşə hazırlığının təşkili işlərinin də aparıldığı bildirilib.

Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsi öyrədilir.

Bildirilib ki, iki ay davam edən kurslar nəzəri və praktiki təlimlərdən ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər həyata keçirir.

Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib. Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərilir.

Media nümayəndələri kursları bitirib işlə təmin olunmuş şəxslərdən bir qismi ilə də görüşüb, onların iş şəraiti ilə tanış olublar.

İşğaldan azad olunmuş ərazilərdə, Ağdam rayonunda təşkil olunmuş peşə hazırlığı kurslarına cəlb edilmiş Kənan Quliyev deyib ki, təxminən üç ay əvvəl iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib:

"Agentlikdən Ağdamda iş imkanı ilə bağlı mənə məlumat verildi və bildirildi ki, kursun sonunda Dövlət Məşğulluq Agentliyi tərəfindən sertifikatla təltif olunacağam. Bundan sonra praktiki kurslara başladım. Hazırda qurğuları, cihazları öyrənirəm".

Kurslarda iştirak edən Şəmistan Rüstəmov deyib ki, Ağdam şəhərinin Quzanlı qəsəbəsində yaşayır və kurslar barədə ona Bərdə Peşə Liseyindən məlumat verilib:

"Nəzəri bilikləri öyrənib sertifikat aldıqdan sonra praktiki biliklərimi artımaq üçün fəaliyyətə başlamışam. Burada keyfiyyətə nəzarət üzrə kurs keçirəm".

Xatırladılıb ki, işğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşə kurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluq filiallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR