Deputat: “Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlara nisbətən xeyli azdır”

Deputat: “Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlara nisbətən xeyli azdır”
# 14 sentyabr 2017 13:41 (UTC +04:00)

“Azərbaycanda olan dinamik inkişaf səhiyyədə yeni-yeni problemləri ortaya çıxarıb və onların ətrafında müzakirələr günü-gündən artır”.

APA-nın xəbərinə görə, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin iclasında bildirib. R. Mahmudov deyib ki, bu günə kimi ölkədə 400-dən çox insan üzərində orqan transplantasiyası aparılıb. Beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyasının aparılmadığını deyən R.Mahmudov Səhiyyə komitəsi bu məsələnin cavabını tapmalıdır: “Qanunlarımız var, bütün bu məsələlərlə bağlı xəstəxanalar, bazalar qurulub, real şəkildə bəzi orqanların transplantasiya əməliyyatları aparılır. Düşünürəm ki, Səhiyyə komitəsində beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumların nümayəndələri, ən əsası ölkənin baş nevroloqu, baş beyin cərrahı və baş reanimatoloqunun iştirakı ilə dinləmələr keçirilməlidir. Burada beyin ölümü diaqnozunun qoyulub-qoyulmaması ilə bağlı məsələyə cavab tapmasaq insanlara – “Gedin orqanlarınızı verin” - deyə bilmərik. Dinləmələr nəticəsində bu məsələlərə cavab tapa və məsələni əlimizdəki imkanlarla həll edə bilərik. Ölkədə insanların sağlamlığı üçün lazım olan toxumaların hər birinin transplantasiyasına icazə verilməlidir”.

Millət vəkili Məlahət İbrahimqızı isə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə fikirlərini bildirib. Deputat qeyd edib ki, dünyəvi və inkişaf edən müasir ölkə olan Azərbaycanda hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunması onu göstərir ki, burada tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Biz bu məsələyə yeni fəlsəfi mahiyyətdən yanaşmalıyıq. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var. Çünki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlara nisbətən nəzərə çarpacaq dərəcədə azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR