Azərbaycan xalçaları Vaşinqtonda nümayiş etdirilib

Azərbaycan xalçaları Vaşinqtonda nümayiş etdirilib
# 08 sentyabr 2017 07:12 (UTC +04:00)

Vaşinqtonda ABŞ-dakı Azərbaycan Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə “Azərbaycan xalçaları incəsənəti” adlı sərgi və ziyafət keçirilib.

Səfirlikdən APA-ya bildirilib ki, tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov xalça sənətinin Azərbaycan mədəniyyətinin əsas incilərindən biri olduğunu vurğulayaraq, bunun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu xatırladıb. Səfir Azərbaycanın ölkə rəhbərliyinin diqqəti sayəsində bu sahənin yenidən canlandığını və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın göstəricisi olduğunu xüsusi vurğulayıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Rzayev Azərbaycan xalçasının xalqımızın mədəni kimliyinin əsas hissələrindən biri olduğunu deyib.

Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə sərgi edilən və əllə toxunmuş bu xalçalar barədə geniş izahlar verilib və suallar cavablandırılıb.

Sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib. Bu xalçaların növbəti günlərdə Nyu-York şəhərində də nümayişi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR