Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın rəsmi bağlanış mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın  rəsmi bağlanış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 avqust 2015 17:50 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkəmizdə keçirilən “Azərbaycanda Koreya Kinosu Festivalı” başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə avqustun 15-də Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində festivalın rəsmi bağlanış mərasimi olub.

Heydər Əliyev adına Konqres Mərkəzində keçirilən mərasimdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) sədri Ruhəngiz Heydərova çıxış edərək “Azərbaycanda Koreya Kinosu Festivalı”nın müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdırıb, festivalın əhəmiyyətindən bəhs ediblər. Məlumat verilib ki, ölkəmizin 5 regionunda-Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust), Qəbələ (7-15 avqust) Koreya filmləri keçirilib. Festivalda fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətinə görə xüsusi dəyərə malik 10 Koreya filmi nümayiş etdirilib. Bütün filmlər SEBA-nın dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. “Koreya Kinosu Festivalı” Azərbaycan tamaşaçılarına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanışlıq imkanı yaradıb, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayıb. Məlumat verilib ki, ümumilikdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nda 21 minə yaxın tamaşaçı iştirak edib.

Ruhəngiz Heydərova çıxışında qeyd edib ki, festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi təsadüfi deyil. Azərbaycanın qədim mədəniyyət paytaxtı Qəbələ artıq mötəbər beynəlxalq toplantılara, elmi simpoziumlara, mədəniyyət tədbirlərinə, musiqi festivallarına, sərgi və konfranslara, eyni zamanda idman yarışlarına böyük uğurla ev sahibliyi edir. “Mədəniyyət millətin, xalqın vizit kartıdır” deyən Ruhəngiz Heydərova xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyətimizin, incəsənətimizin, eləcə də kino sənətinin qorunması və inkişafındakı tarixi xidmətlərini minnətdarlıqla xatırladıb. O, “Koreya Kinosu Festivalı”nın məhz ulu öndər Heydər Əliyevin təsis etdiyi 2 avqust-“Azərbaycan kinosu günü” ərəfəsinə və həmin bayramın qeyd edildiyi günlərə düşdüyünü xüsusi qeyd edib. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin daha da tərəqqi etdiyini diqqətə çatdıran Ruhəngiz Heydərova bildirib ki, kinematoqrafiyanın, milli kinomuzun inkişafı üçün həyata keçirilən islahatlar, müasir kino müəssisələrinin tikintisindən tutmuş dövlət hesabına filmlərin çəkilməsinə qədər kompleks tədbirlər bu sahənin inkişafına böyük töhfələr verir.

Ruhəngiz Heydərova çıxışında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği və tanıdılmasındakı misilsiz xidmətlərindən də danışıb, ölkəmizdə ilk dəfə keçirilən “Koreya Kinosu Festivalı”nın yüksək səviyyədə reallaşmasına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib. Mədəniyyət və incəsənətin, həm də ayrı-ayrı ölkələri, xalqları, insanları birləşdirən, yaxınlaşdıran böyük dəyər olduğunu söyləyən SEBA-nın sədri Ruhəngiz Heydərova bu festivalın Azərbaycan və Koreya xalqlarının mədəniyyətlərinin yaxınlaşması, xalqlarımız arasında mənəvi bağların daha da möhkəmləndirilməsinə xidmət edən ən gözəl layihələrdən olduğunu vurğulayıb. Həmçinin, Ruhəngiz Heydərova Koreya Respublikasının müstəqillik günü münasibətilə Koreya xalqını təbrik edib. O, festivalın təşkilatçılarından biri olan Koreya Fonduna və Koreyanın ölkəmizdəki səfirliyinə də göstərdikləri dəstəyə görə təşəkkür edib, koreyalı kino xadimlərinə böyük sənət uğurları arzulayıb.

Tədbirdə, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, Xalq artisti, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Əməkdar İncənət xadimi, kinorejissor Ayaz Salayev çıxış edərək kino mədəniyyətinin inkişafı və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyindən bəhs ediblər.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Azərbaycanda Koreya Kinosu Festivalını parlaq mədəniyyət hadisəsi kimi dəyərləndirib. O, deyib ki, bu festivalda nümayiş etdirilən bir-birindən maraqlı filmlər Azərbaycan tamaşaçılarına Koreya xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanışlıq imkanı qazandırıb. Bu baxımdan azərbaycanlıların Koreya xalqının mədəniyyətinə və adət-ənənələrinə hörmət və məhəbbət hissi ilə yanaşmasında “Azərbaycanda Koreya Kinosu Festivalı”nın mühüm rolu olub.

Çıxışlardan sonra tamaşaçılara festival çərçivəsində 5 regionun hər birində 10 filmin təqdimatı və tədbirlərin gedişatı ilə bağlı sənədli film təqdim olunub. Sonda, koreyalı rejissor Lee Hyun-jong-un 2013-cü ildə ərsəyə gətirdiyi “Məni Həbs Et” (Steal My Heart”) filmi nümayiş etdirilib.

Qeyd edək ki, festivalın bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycanın məşhur kinorejissorları İlqar Nəcəf və Asif Rüstəmov, tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və başqaları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR