MTN polkovnikinin məhkəməsində əlavə şahid dindirilib

MTN polkovnikinin məhkəməsində əlavə şahid dindirilib
# 14 iyul 2017 11:25 (UTC +04:00)

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində zərərçəkmiş Vidadi Əzizovun epizodu üzrə MTN-in Daxili Təhqiqat İradəsinin sabiq rəisi Söhrab Əliyev ifadə verib.

S. Əliyev ifadəsində MTN polkovniki Aydın Manafovla bağlı materialları prokurorluğa göndərmədiyini deyib.

Qeyd edək ki, zərərçəkmiş V. Əzizov ifadəsində bildirib ki, ondan tələb edilən pul Aydın Manafova verilib. Həbsdən azad olunandan sonra isə pulun bir hissəsi ona qaytarılsa da, müəyyən hissəsi A. Manafov tərəfindən ələ keçirilib.

Proses iyulun 21-də davam etdiriləcək.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR