Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir

Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir
# 01 avqust 2014 14:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Qafqaz Konserv Zavodu fermerlərdən məhsul qəbulunu davam etdirir.

Zavoddan “APA –Economics”ə verilən məlumata görə, meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını təmin etmək və məhsul qəbulunu sürətləndirmək üçün hazırda Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejimində fəaliyyət göstərir.

Zavod gün ərzində təkcə 500 ton pomidor qəbul etmək imkanına malikdir. Bununla belə, müəssisəyə bölgədə fəaliyyət göstərən fermerlər tərəfindən gündəlik 150 ton pomidor təhvil verilir. Bölgənin hazırkı potensialına hesablanmış müəssisə fermerlərdən məhsulu tam həcmdə qəbul etmək gücündədir.

“Azersun Holding” MMC tərəfindən yaradılmış Qafqaz Konserv Zavodunda konservlər, tomat pastaları, mürəbbələr, tərəvəz yeməkləri, turşular və kompot çeşidləri istehsal olunur. Yüksək keyfiyyətli məhsul istehsalı üçün müəssisədə qabaqcıl texnoloji avadanlıqlar quraşdırılmış və müasir laboratoriyalar fəaliyyət göstərir. Hazırda müəssisədə müxtəlif çeşiddə milli markalı məhsullar istehsal edilir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən zavoda 10 milyon manat həcmində dövlətin güzəştli krediti verilib. Bu kreditlər hesabına yeni istehsal xətləri işə salınıb.

Məlumata görə, əsasən meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış Quba-Xaçmaz iqtisadi rayonunda dövlətin güzəştli kreditləri hesabına müxtəlif istehsal və emal müəssisələri yaradılır. Bu cür müəssisələrin yaradılması fermerlərin istehsal etdikləri məhsulların emal üçün qəbuluna geniş imkanlar yaratmaqla bərabər, meyvə-tərəvəz istehsalının artımını da stimullaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR