Robert Prosineçki: “Osiyekdəki səhvləri görmüşəm”

Robert Prosineçki: “Osiyekdəki səhvləri görmüşəm”
# 01 sentyabr 2015 10:07 (UTC +04:00)

Bakı – APA. “Xorvatiya ilə oyuna ciddi hazırlaşırıq. Komanda məşqlərini yaxşı davam etdirir”. Bunu apasport.az saytına Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Xorvatiya yığmasını qəbul edəcək.

Prosineçkini görüş öncəsi ən çox narahat edən amil heyətdə itkilərin olmasıdı: “Əfsuslar olsun ki, iki aparıcı futbolçumuzun xidmətindən istifadə edə bilməyəcəyik. Maksim Medvedev və Cavid Hüseynov məlum səbəblərdən bu oyunda bizə kömək edə bilməyəcəklər. Xorvatiya yığmasının da necə güclü komanda olduğunu bilirəm. Düzdü, Xorvatiya futbolunu yaxşı tanıyıram. Rəqibin heyətində olduqca güclü futbolçular çıxış edir. Hansı ki, onlar Avropanın tanınmış klublarında oynayırlar. Buna baxmayaraq, mən öz komandama güvənirəm”.

Xorvatiyalı mütəxəssis yığmamızın ötən ilin oktyabrında Berti Foqtsun rəhbərliyi altında bu komandaya qarşı Osiyekdə keçirdiyi oyuna da toxunub: “Komandamızın Xorvatiyaya 0:6 hesabı ilə məğlub olduğu ilk oyunu izləmişəm, Osiyekdəki səhvləri görmüşəm. Əsas odu ki, biz sentyabrın 3-dəki görüşdə həmin səhvləri təkrarlamayaq. Əsas odu ki, Azərbaycan yığması öz oyununu göstərə bilsin. Son iki matçdakı nəticələr də göstərdi ki, Azərbaycan millisi futbol oynamağı bacarır”.

Prosineçki sentyabrın 6-da Malta ilə keçiriləcək səfər matçı ilə bağlı danışmaqdan imtina edib. O, yalnız Xorvatiya ilə qarşılaşmaya kökləndiklərini söyləyib: “Mən indidən hər iki oyun barədə düşünsəm, düz çıxmaz. Əsas Xorvatiya ilə oyundu. Yalnız ondan sonra Malta ilə görüş barədə düşünərik”.

Təcrübəli mütəxəssis Vaqif Cavadovun “Xəzər Lənkəran”dan “Qəbələ”yə keçidi ilə bağlı verilən suala cavab verməkdən boyun qaçırıb: “Məni qarşıda vacib oyun gözləyir. İndi bizi yalnız Xorvatiya ilə görüş düşündürür. Buna görə də, Vaqif Cavadovla bağlı suala cavab verə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR