Oksana Rəsulova: “Yorğunluğumu rəqslə çıxarıram” - VİDEO

Oksana Rəsulova: “Yorğunluğumu rəqslə çıxarıram” - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 07:19 (UTC +04:00)

Bu fikirləri APA TV-də yayımlanan “Bunker” verilişinin qonağı rəqqasə Oksana Rəsulova deyib. O, uşaqlıqdan rəqsə marağı olduğunu deyib: “Uşaqlıqdan hind rəqslərinə meylli olmuşam. Hind rəqslərini Rusiyada yaşadığım müddətdə özüm öyrənmişəm. Sonra vətənimə qayıtdım. Orta və ali təhsilimi Rusiyada almışam. Azərbaycana gələndə şəxsi həyatımla bağlı problemlərim vardı. Mən hər şeydən uzaq olmaq istədim. Kimisə silmək, unutmaq üçün məkanı dəyişməyin böyük əhəmiyyəti var. O vaxt mən yaxşı dostlarımın sayəsində depressiyadan çıxdım. Rusiyada belə mühitim yox idi. Buna görə orada narahat idim. Sadəcə yorulmuşdum və bezmişdim. Burada elə bil hər şey yeniləndi. Elə bilirsiniz ki, qadını yalnız bir kişi depressiyaya sala bilər? Yox belə deyil. Hansısa rəfiqən sənə xəyanət edər, güvəndiyin kimsə etibarını qıra bilər və belə depressiyaya düşə bilərsən. Məndə də məhz belə idi. İnsan adi bir haqsızlığı görüb depressiv vəziyyətə düşə bilər. Hətta o haqsızlığın sənə heç bir dəxli olmasa da”.

Oksana Rəsulova rəqslə yorğunluğunu çıxardığını deyib: “Yorğun, gərgin olanda yalnız rəqs məni o vəziyyətdən çıxarır. Xüsusilə də hind rəqsi. Mən Azərbaycan rəqslərini də ifa edə bilirəm. Amma istiqamətim bu deyil. Nədənsə hind rəqsləri mənə daha yaxındır. Hind musiqisini duyuram. Onun ritmini yaşamağı, ifa eləməyi bacarıram. Hind rəqsi sirli rəqsdir. Onu hər kəs aça bilməz”.


Rəqqasə yorğunluğun rəqsə də sirayət etdiyini deyib: “Məni məclislərə tez-tez dəvət edirlər. Amma yorulmuşamsa, gedib keyfiyyətsiz rəqs etmək istəmirəm. Əgər bunu yaxşı etməyəcəyəmsə, insanlar rəqsimdən zövq almayacaqsa, bunun əhəmiyyəti yoxdur. Rəqsi elə ifa eləməlisən ki, adamlar əlində olan hər şeyi kənara qoyub sənə baxsınlar”.

“Hər şeydən başım çıxır. Evə işlərini, yemək bişirməyi sevirəm. Mən çox kitab oxuyuram. “Dədə Qorqud”u oxumağa başlamışam. Görməm zəifdir, çünki çox oxuyuram. “Leyli və Məcnun” əsərini ikinci dəfə oxumuşam. Nizami Gəncəvinin “Leyli və Məcnun”unu oxuduqdan sonra Füzulinin "Leyli və Məcnun"unu daha yaxşı anladım” - deyən rəqqasə mütaliəyə marağından bəhs edib.

Şou-proqramlara getmədiyini deyən rəqqasə toy məclislərində iştirakından da danışıb: “Şənliklərdə rəqs edirəm. Amma şou proqramlara getmirəm. Mənim qaydalarım var, stollara, məclisdəki adamlara yaxınlaşmıram. Təbii ki, pul da verilir. Elə toylar var ki, məhz məni çağırırlar, rəqsə dəyər verirlər. Dəfələrlə imkansızların da, dostların da toyunda oynamışam. Bəzən pul önəmli deyil”.

Söhbət zamanı Oksana Rəsulovanın sevdiyi adamın narkotik maddə istifadəçisi olduğu məlum olub: “Narkotiklərə nifrət edirəm. Həmişə belə şeylərə nifrət etmişəm. Amma elə adamı sevdim ki, onun keçmişi bununla bağlı idi. Onu qəlbinin təmizliyinə görə sevdim və belə vərdişləri tərgitməsi üçün əlimdən gələni etdim. O insan bir-iki il bu vərdişdən uzaqlaşdı. İndi məşğul olub-olmadığını bilmirəm. Amma eşitmişəm ki, məşğul deyil. Artıq görüşmürük. Bunun səbəblərini açıqlamaq istəmirəm. Əsas odur ki, indi mən yaxşıyam və mənim üçün hər şey yaxşıdır”.

Rəqqasə artıq özü üçün yaşadığını etiraf edib: “Mən artıq özümü düşünürəm. Əvvəllər özümü yox, başqalarını daha çox düşünürdüm. Sevdiyim əşyaları belə özümdən daha çox düşünürdüm. Sonra gördüm ki, insanlar paxıldırlar, pislik edirlər. Mən müsabiqələrin qalibiyəm və nələrisə qazanmışam. Onlar heç vaxt mən ola bilməzlər. Çünki mənim qədər ürəkli deyillər. Ürəyi olmayanlara yazığım gəlir. Kiməsə yazığı gəlmək günahdır. Amma yardımıma ehtiyacı olana kömək edərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR