Vaqif Sadıqov BMT-nın Qaçqınlar üzrə ali komissarı ilə görüşüb

Vaqif Sadıqov BMT-nın Qaçqınlar üzrə ali komissarı ilə görüşüb
# 01 iyun 2016 20:33 (UTC +04:00)

Bakı-APA. İyunun 1-də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki baş qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov ilə BMT-nın Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi arasında görüş keçirilib.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMTQAK arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, iki tərəf arasında mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Daimi nümayəndə V.Sadıqov Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMTQAK-ın ölkəmizə göstərdiyi dəstək və yardıma, eləcə də onun ümumilikdə Azərbaycandakı fəaliyyətinə görə ali komissar F.Qrandiyə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib.

Daha sonra V.Sadıqov ali komissar F.Qrandiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinin hazırkı vəziyyəti, aprel ayında Ermənistan tərəfindən atəşkəsin genişmiqyaslı pozulması halları haqqında məlumat təqdim edib.

F.Qrandi münaqişə bölgəsində mövcud olan humanitar vəziyyətin BMTQAK tərəfindən müşahidə olunmasını bildirib, bu qurum ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək gələcəkdə də ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə ümidvar olduğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR