Almaniyadan dəvət olunan psixoloqun iştirakı ilə valideynlər üçün təlim keçirilib

Almaniyadan dəvət olunan psixoloqun iştirakı ilə valideynlər üçün təlim keçirilib
# 15 aprel 2014 13:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Millət vəkili Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurası "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində Almaniyadan dəvət olunan psixoloq Qalina Heinzelmanın iştirakı ilə valideynlər üçün təlim keçirilib.

APA-nın məlumatına görə, təlimdə çıxış edən S. Fətəliyeva bildirib ki, bu proqram 3 ildən çoxdur ki, Azərbaycanda həyata keçirilir: “Uşaqlar bizim gələcəyimiz olduğu üçün onlara xüsusi diqqət ayırmaq vacibdir. Sevindirici haldır ki, artıq uşaqlar öz fikirlərini cəmiyyətə asan şəkildə təqdim edə bilərlər".

Müasir ailədə valideyn və uşaq münasibətlərinə toxunan millət vəkili qeyd edib ki, XXI əsrdə uşaqların tərbiyəsi ilə məşğul olmaq baxımından düzgün yol seçmək çox çətindir: "Danılmaz faktdır ki , hazırda valideynlər karyeraya daha çox üstünlük verirlər. Buna görə də uşaqlar ailə qayğısından kənarda qalır. Müasir dünya müxtəlif baxışları bizlərə təqdim edir. Uşaqların hansı növ baxışlara yiyələnməsi məhz valideynlərdən asılıdır".

Daha sonra çıxış edən Almaniyadan dəvət olunan psixoloq Q. Heinzelman vurğulayıb ki, uşağı tərbiyə etmə mövzusunda da onunla aradakı pərdəni saxlamaq mühüm əsaslardan biridir: "Bir tərəfdən təmkin və ciddilik mühafizə edilərkən, digər tərəfdən onun sevinc və kədərini paylaşma çox əhəmiyyətlidir. Ana-ata təmkin və ciddiyyəti qorumadan onunla sadəcə, uşaq kimi davranar, oyun oynayarsa məsafəni qoruya bilməz, digər daha əhəmiyyətli mövzularda uşağa təsir edə bilməz. Belə bir atmosferdə yetişən uşaq pis davranış nümayiş etdirə bilər. Uşaq daim özünə ideal tapma ehtiyacını hiss edir. Ana-ata uşağın model olaraq seçdiyi insanlardır. Böyüdükcə öz ailəsində axtardığı ideal modeli tapa bilməyən uşaq xaricə yönəlir və bu da mənəvi dünyasında ziddiyyətlərə səbəb olur. Axtardığı idealı ailəsində tapan uşaq isə xoşbəxt və dinc bir həyat yaşayır".

Qeyd edək ki, tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR