Azərbaycan əlillik sahəsində yeni Twinninq layihəsinin icrasına başlayıb - VİDEO

Azərbaycan əlillik sahəsində yeni Twinninq layihəsinin icrasına başlayıb - <span style="color: red;">VİDEO
# 02 may 2014 12:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanda əhalinin 5,6% və ya ümumilikdə 530 min nəfər əlilliyi olan insan var. Bu, dünya ölkələri ilə müqayisədə o qədər də böyük rəqəm deyil. Amma əlillərin cəmiyyətə inteqrasiya olması, onların özlərini cəmiyyətin bir hissəsini hiss etməsi üçün Azərbaycan hökuməti böyük işlər görür.

APA-Economics”in məlumatına görə, bunu bu gün Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Twinninq layihəsinin təqdimatında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bu layihə özündə 4 komponenti birləşdirir: “Bunlar institusional quruculuq və hüquqi bazanın inkişafı, əlillərin dəstəklənməsi üzrə proqramların və fərdi planlarının tətbiqi, bu sahədə məsul əməkdaşların ixtisasının artırılması və eləcə də 25 fəaliyyət istiqaməti üzrə monitorinq və qiymətləndirmə. Layihədə nazirliyin tərəfdaşları Fransanın Səhiyyə və Sosial İşlər, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq nazirlikləri, eləcə də Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyidir”.

S. Müslümov bildirib ki, təqdim olunan layihənin məqsədi isə Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsidir. “Dəyəri 1 mln. avro olan və 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi üçün mexanizmlər hazırlanacaq. Əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq. Eyni zamanda, tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq. Layihə bu işlərdə Aİ üzvləri olan Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq. Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla Aİ arasında daim inkişaf edən əməkdaşlığın inkişafından söz açıb. O yeni layihənin də Azərbaycanda aparılan islahatlara dəstək verilməsi məqsədinə yönəldiyini vurğulayıb: “Layihə Avropa İttifaqının Azərbaycanla ümumi əməkdaşlığının bir hissəsidir və bu layihənin böyük məqsədi var. Biz bundan sonra da bu ölkədə sosial layihələri dəstəkləməyə hazırıq”.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger layihə çərçivəsində ölkələrinin Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığından məmnunluq ifadə edərək, bu əməkdaşlığın genişlənməsi üçün müvafiq səylərin göstəriləcəyini bildiriblər.

Tədbir çərçivəsində beynəlxalq ekspertlər Mişel Villak və Kristian Mutye Tvinninq layihəsinin əsas istiqamətləri barədə təqdimatla çıxış ediblər.

Tədbirdə əlilliyi olan şəxslərlə bağlı fəaliyyət mexanizminin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində Twinninq layihəsindən irəli gələn imkanlar və qarşıdakı dövrdə layihə üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR