Yaxın vaxtlarda Azərbaycana Macarıstandan 2,3 min başdan artıq damazlıq inəklər gətiriləcək

Yaxın vaxtlarda Azərbaycana Macarıstandan 2,3 min başdan artıq damazlıq inəklər gətiriləcək
# 19 sentyabr 2013 08:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan bu il 4 300 baş damazlıq heyvanın alınması ilə bağlı qərar qəbul edib. Bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi «Aqrolizinq» ASC-yə müvafiq sifariş verib. Həmin heyvanların 660 başı ətlik cins, qalan hissəsi isə (3 640 baş) südlük-ətlik inəklər olacaq. Bunu «APA-Economics»ə «Aqrolizinq» ASC-nin İdarə Heyətinin sədri Əli Bayramov bildirib.

Onun sözlərinə görə, ətlik istiqamətli olan «Şarole» cins inəkləri Fransadan gətirilir. Onların yarısı ilin əvvəlində gətirilib, qalan hissəsi isə bu ilin sonuna qədər gətiriləcək.

Ə.Bayramov əlavə edib ki, bu il Azərbaycana Macarıstandan südlük «Holşteyn Friz» və südlük-ətlik «Simental» cins inəkləri də gətiriləcək: «Yaz aylarında bundan 1 284 baş gətirilib. Biz yayda onları gətirmədik, heyvanların buradakı iqlimə necə öyrəşdiklərini müşahidə etdik. Artıq oktyabrın əvvəlindən bu heyvanların qalan hissəsini (2 356 baş) gətirməyə davam edəcəyik».

Qeyd edək ki, südlük cinsdən olan inəklər gündə 25-30 litr süd verir. Ətlik olanlar isə gün ərzində çəkilərini 2 kq-a qədər artırır və 700-800 kq çəki yığa bilir.

Xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən, bu il xaricdən damazlıq heyvanların idxal olunmasını və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» ASC-yə 10 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR