Bakıda Dünya İrs Siyahısında olan ərazilərlə bağlı treninq-seminar keçirilib

Bakıda Dünya İrs Siyahısında olan ərazilərlə bağlı treninq-seminar keçirilib
# 29 oktyabr 2013 07:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda Dünya İrs Mərkəzinin Periodik Hesabatlar üzrə Mərkəzinin, Cənubi və Şərqi Avropa ölkələri əlaqələndirici şəxslərinin və Azərbaycan üzrə UNESCO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, 17 ölkədən 30 nümayəndənin iştirak etdiyi tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev treninq-seminarın Bakıda keçirilməyinin əlamətdar hadisə olduğunu bildirib. V. Əliyev qeyd edib ki, Azərbaycan UNESCO ilə qarşılıqlı əməkdaşlığa maraqlı ölkədir: "Son dövrlərdə bizim beş nümunəmiz qeyri-maddi irs siyahısına daxil edilib. Azərbaycan dövləti mədəni irsin qorunmasına böyük diqqət yetirir. Ümidvarıq ki, gələcəkdə də bir çox abidələrimiz UNESCO-nun siyahısına daxil ediləcək".

UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyeva Azərbaycanla sözügedən təşkilat arasında sıx əlaqələrin olduğunu vurğulayıb. Baş katib Heydər Əliyev Fondunun Azərbaycanda qeyri-maddi irs abidələrinin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirdiyini qeyd edib. G. Əfəndiyeva çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, bunun nəticəsində bir çox tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və başqaları treninq-seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın təşkilatçılığı ilə keçirilib.

Görüş çərçivəsində qonaqların UNESCO-nun Dünya İrs Siyahısına daxil olunmuş abidələrə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq və Qobustan Milli tarix-bədii qoruqlarına səfərləri təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR