C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
# 30 sentyabr 2013 17:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbir açıq elan olunmazdan əvvəl kino mərkəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılıb, yaddaqalan filmlərdə vaxtilə istifadə olunan geyimlər və rekvizit nümunələri nümayiş etdirilib.

Mədəniyyət xadimləri və xarici ölkələrin kino xadimlərinin iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan kinosu çağdaş dünya kinosunun bütün mərhələləri ilə uzlaşaraq böyük tarix yaşayıb: “1936-cı ildə səsli, 50-ci illərin əvvəlində isə rəngli filmlərimiz istehsal olunmağa başladı. Azərbaycan kino tarixi çox böyük və zəngindir. Ötən əsrin 90-cı illərində Azərbaycan kinosu böyük böhran yaşadı. Kinostudiya böyük səylərin nəticəsində yaşadı və bu gün də yaşamaqdadır. Müstəqillikdən sonra bütün sahələrdə olduğu kimi kino sahəsində də inkişaf yaşandı. 2006-cı ildən etibarən dövlət büdcəsindən kino üçün vəsait ayrıldı. Hər il təxminən 5-7 filmin maliyyəsi büdcədən ayrılır”.

Nazir əlavə edib ki, müasir Azərbaycan kinosu beynəlxalq müsabiqələrdə müəyyən diqqətə səbəb olur və mükafatlar qazanır:

“Keçirdiyimiz müsabiqələrin nəticəsində biz gənclərə böyük filmlər də həvalə edirik. Son illərdə Azərbaycan kinosunun maddi-texniki bazası gücləndirilib. Biz səbirsizliklə gözləyirik ki, Azərbaycan kinostudiyasında bu ilin axırında layihələndirmə işləri başa çatacaq və kinostudiyanın təmirinə başlayacağıq. İstərdik ki, kinostudiya ən müasir kino mərkəzi olsun. Hazırda Azərbaycanda 8 film çəkilir. İnanıram ki, bu filmlər uğur qazanacaq. Azərbaycanın yeni tarixi haqqında filmlər çəkmək kinostudiyanın qarşısında duran əsas vəzifələrdəndir”.

Azərbaycan Kinematoqrafçılar ittifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova isə yubiley ili münasibəti ilə kino işçilərini təbrik edib: “ Kinostudiya bizim həyatımızı bir hissəsidir. Kimin üçünsə taledir. Kino sənətinin nəbzi “Azərbaycanfilm”də vurur. Azərbaycan kinematoqrafçıları ən müasir tələblərə cavab verən kino mərkəzinin arzusundadır və inşallah biz arzumuza çatacağıq”.

Şəfiqə Məmmədova əlavə edib ki, Kinematoqrafçılar İttifaqı adından 20 nəfər kino işçisinə pul mükafatları təqdim olunacaq.

Öz növbəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxışında bildirib ki, “Azərbaycanfilm” əvvəlki nüfuzunu geri qaytaracaq: “Bu gün Azərbaycan kinosu inkişaf edir. Nazirin göstərişi ilə biz böyük rejissor Əlisəttar Atakişiyevin Rusiyada qəbirüstü abidəsini götürdük”. Müşfiq Hətəmov əlavə edib ki, oktyabrda səkkiz xarici prodüser Azərbaycana gələcək: “Biz Türkiyə ilə yanaşı Belarus və rusiyalı kinematoqrafçıları ilə müştərək işlər görməyə hazırlaşırıq”.

Tədbirdə Azərbaycan Simfonik Orkestrinin iştirakı ilə Azərbaycan xalq rəqsləri və solo musiqilər ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR