Elman Babayev: “Vətəndaşların minik avtomobili almaq üçün növbəyə alınmasında heç bir ədalətsizliyə yol verilməyib”

Elman Babayev: “Vətəndaşların minik avtomobili almaq üçün növbəyə alınmasında heç bir ədalətsizliyə yol verilməyib”
# 07 aprel 2014 16:17 (UTC +04:00)
Bakı - APA. “Cəlilabad rayonu, Alıqasımlı kənd sakini, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş Ağayev Mehdi Kamil oğlunun dövlət hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq növbəlilik siyahısına alınarkən ona qarşı ədalətsizliyə yol verilməsi və guya onun növbəliliyinin uzadılması üçün yanlış olaraq BVM əlillərinin siyahısına salınması barədə KİV-də qeyd olunanların heç bir əsası yoxdur”. Bu açıqlamanı APA-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, Ağayev Mehdi Kamil oğlu dövlət hesabına pulsuz nəqliyyat vasitəsi almaq üçün növbəyə yazılmaq məqsədilə müvafiq sənədlərini 2013-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib: “Müvafiq təlimata əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların avtomobillə təminatı ilk növbədə həyata keçirilir. Digər imtiyazlı əlillər (BVM əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların, Çernobıl əlillərinin) isə növbəlilik əsasında avtomobillə təmin olunurlar. Bu səbəbdən avtomobil təminatı ilə bağlı iki növbəlilik siyahısı mövcuddur və həmin siyahılar da Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) “Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin siyahısı” və “Pulsuz avtomobillə təmin olunmaq üçün növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin siyahısı” adları altında yerləşdirilib. Buradakı “onlara bərabər tutulan şəxslər” anlayışı hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxsləri və Çernobıl əlillərini əhatə edir”.
Nazirlik rəsmisi əlavə edib ki, Mehdi Ağayev hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olduğundan o, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların növbəlilik siyahısında deyil, aidiyyəti üzrə siyahıda, yəni BVM əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanlar və Çernobıl əlillərinin avtomobil növbəliliyi siyahısında qeyd olunub. Ona görə də Mehdi Ağayevin avtomobil almaq üçün növbəyə alınmasında heç bir ədalətsizliyə yol verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR