Güclü külək Gürcüstanın Qaraçöp mahalında azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Güclü külək Gürcüstanın Qaraçöp mahalında azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub
# 16 dekabr 2013 16:23 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dünən günortadan sonra başlayan güclü külək Gürcüstanın Saqareco rayonunun (Qaraçöp mahalı) azərbaycanlıların kompakt yaşadığı bir neçə kəndinə ciddi ziyan vurub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların yaşadığı Ləmbəli, Yor-Muğanlı və Muğanlı kəndlərində külək bir neçə evin damını aparıb, həyətyanı evlərin qarşısında qurulan çardaqları uçurub.

Yor-Muğanlı kənd açıq məktəbinin müəllimi İsmixan Məmmədov APA-ya bildirib ki, 1000 nəfərdən çox əhalisi olan Ləmbəli kənd sakininin evi elektrik naqillərinin qısqapanması nəticəsində tamamilə yanıb. Muğanlı natamam orta məktəbinin damının bir hissəsini külək 200 metr kənara atıb, Yor-Muğanlı kənd açıq məktəbinin damı isə uçub. Bir neçə elektrik dirəyi yıxılıb, əhali işıqsız qalıb.

İ.Məmmədovun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır, fəsadlar aradan qaldırılır. Bu gün Gürcüstan Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəblərə baxış keçirib, dəyən ziyanı qeydiyyata alıblar.

Kaxeti bölgəsinin enerji distribüter mərkəzi fövqəladə rejimdə fəaliyyət göstərməyə başlayıb. Hazırda rayon üzrə 30 min abonent işıqsız qalıb. Qasırğa nəticəsində Qaraçöp mahalına yaxın rayonlara da ziyan dəyib. Fəsadların aradan qaldırılması üçün müəyyən texnika və mütəxəssislər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR