DSMF-nin büdcəsinə dəyişikliyin səbəbləri açıqlanıb

DSMF-nin büdcəsinə dəyişikliyin səbəbləri açıqlanıb
# 24 may 2024 14:01 (UTC +04:00)

2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri edib.

APA-nın xəbərinə görə, bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda bildirilib.

Qeyd edilib ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılır.

Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun (bundan sonra – Fond) 2024-cü il üçün büdcəsində qeyri-büdcədən sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190,0 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur.

Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 manat artırılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur.

Bununla yanaşı Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılır, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılır.

Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılırr.

Nəticədə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək.

_

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR