Ombudsman Aparatının əməkdaşları işgəncə verildiyi bildirilən şəxslə görüşüblər

Ombudsman Aparatının əməkdaşları işgəncə verildiyi bildirilən şəxslə görüşüblər
# 08 aprel 2014 11:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəmli məhkumların saxlandığı 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində olublar.

Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib. Məlumata görə, mətbuatda Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində (vərəmli məhkumlar üçün) saxlanılan Nəbiyev Lətif Murad oğlunun işgəncələrə məruz qalması, cərimə təcridxanasına salınaraq ayağına qaynar çaydan bağlanması və ona müəmmalı dərmanlar qəbul etdirilməsi barədə yayılan məlumatlardan sonra məsələ ilə bağlı Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 3 saylı CÇM-də araşdırma aparıblar.

Cinayət Məcəlləsinin 29, 120.1, 29, 120.2.4, 29, 120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinən və hazırda Bakı Ağır Cinayətlərə Məhkəməsinin hesabında olan Nəbiyev Lətif Murad oğlu ilə söhbət zamanı o, müəssisə əməkdaşları və rəhbərliyindən şikayətinin olmadığını bildirib, mətbuatda yer alan məlumatın həqiqətə uyğun olmadığını söyləyib.

Eyni zamanda o, xəstə olmamasına baxmayaraq uzun müddət İxtisaslaşmış müalicə müəssisəsində saxlanmasından, məhkəmə prosesinin uzanmasından şikayət edib və istintaq təcridxanasına köçürülməsini xahiş edib.

Müəssisənin rəisi ilə söhbət zamanı sonuncu dəfə L. Nəbiyevin ötən il sentyabrın 6-da 5 gün müddətinə Təcridetmə palatasında təhlükəsiz yerə keçirilməsi ilə bağlı qərar çıxarıldığı məlum olub.

Tibb xidmətinin həkimləri ilə söhbət zamanı və təqdim olunan sənədlərə əsasən L. Nəbiyevin Hepatit “C”, HİV infeksiyası (IV klinik mərhələsi) və vərəm xəstəliyi (infiltrasiya mərhələsində) təsdiq olunub. Lakin Nəbiyev bir müddət müalicə aldıqdan sonra yazılı şəkildə müalicədən imtina edib (01.08.13) və bu barədə müvafiq sənədləşmə aparılıb. Təqdim edilən tibbi arayışa görə təqsirləndirilən şəxsin yoluxucu xəstəliyi olması səbəbindən İstintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə keçiriləcəyi təqdirdə məhkum və həbs edilmiş şəxslərin yoluxdura biləcəyi ehtimalı real olduğu üçün onun hər hansı bir müəssisəyə köçürülməsi məqsədə uyğun olmadığı barədə qərar qəbul edilib.

Aparatın əməkdaşları tərəfindən L. Nəbiyevə həkimin tibbi rəyindən şikayət vermək hüququ izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR