Ukraynalı tarixçi: “Cəmiyyət yeni inqilaba hazırdır”

Ukraynalı tarixçi: “Cəmiyyət yeni inqilaba hazırdır”
# 02 dekabr 2013 11:51 (UTC +04:00)

Kiyev. Fərid Əkbərov - APA. “Ukraynada baş verənlər onu göstərir ki, xalq artıq Rusiya siyasətini dəstəkləyən hakimiyyətdən bezib. Yenidən sovet və ya Rusiya imperiyası dövrünə heç kəs qayıtmaq istəmir”. Bunu APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbirinə müsahibəsində tanınmış ukraynalı tarixçi, jurnalist və publisist Roman Kabaçiy deyib. O bildirib ki, Ukrayna cəmiyyəti bir neçə il öncə qazandığı demokratiyanı qoruyub saxlaya bilib: “Ukraynadakı demokratiya belə demək mümkündürsə, oliqarxiya demokratiyası idi. Çünki ölkədə oliqarxlar müxtəlif siyasi qüvvələri dəstəkləyirdi. Oliqarxlardan həm müxalifəti, həm də iqtidarı dəstəkləyənlər vardı. Lakin Viktor Yanukoviç prezident seçildikdən sonra bütün oliqarxları ətrafına yığmağa başladı. İndi isə bu hakimiyyət zor gücü ilə xalqın iradəsinə qarşı gedir. Meydanda baş verənlər bunun nəticəsidir”.

“Ukraynada narıncı inqilab təkrarlana bilərmi?“ sualına cavabında Roman Kabaçiy qeyd edib ki, narıncı inqilab Ukraynaya iki mühüm şey gətirib: “Birincisi, demokratiya, ikincisi, söz azadlığı. Demokratiya olduğuna görə Viktor Yanukoviç hakimiyyətə gəldi. Xalq onu seçmişdi. Təkcə ona görə yox ki, xalq artıq narıncı komandadan bezmişdi, həm də bu komanda ölkədə islahatlar keçirə bilməmişdi. Yuşşenko ilə narıncı inqilab sülh şəraitində baş vermişdi. Yanukoviç həmin vaxt baş nazir vəzifəsini tuturdu. İndi isə o, prezidentdir və ölkədə bütün baş verənlərə görə məsuliyyət daşıyır. O vaxt narıncı inqilab baş verəndə prezident Kuçma mitinq iştirakçılarına qarşı güc tətbiq etməmişdi. Həmin vaxt inqilabın baş verməsində Avropa diplomatiyasının böyük rolu vardı. Bu gün də Avropa diplomatiyası bu istiqamətdə nəsə edir. Lakin hazırda hakimiyyətdə Kuçma deyil, Yanukoviçdir. Yanukoviç Kuçma kimi deyil. O, Kuçma kimi öz hakimiyyəti ilə sülh yoluyla vidalaşa bilməz. Fikrimcə, əgər inqilab baş versə, bu, qanlı inqilab olacaq. Keçən dəfəki inqilab kimi qan tökülmədən ötüşməyəcək”.

Ekspertin fikrincə, Kiyevdə çalxalanma olsa, Yanukoviç və onun həmkarları Moskvaya getməyəcək, onlar Donetskə gedərək separatçılıqla məşğul olacaqlar və Ukraynanı iki hissəyə böləcəklər: “Onun tərəfdarlarının çox və ya az olmasına gəlincə isə, burada əsas sual altında olan məsələ ordunun və polisin özlərini necə aparması olacaq. Ukrayna cəmiyyəti çox tolerantdır. Bu ölkədə biznes dövlətə görə inkişaf etmir, əksinə, dövlət nə qədər maneçilik törətsə də, biznes birtəhər inkişaf edir. Avropa Birliyi Ukrayna cəmiyyətinə problemsiz və maneəsiz həyat vəd edir. Ona görə də, hesab edirəm ki, Ukrayna cəmiyyəti yeni inqilaba hazırdır”.

Ukraynanın Rusiyadan qaz asılılığını şərh edən R. Kobaçiy qeyd edib ki, əslində söhbət Yanukoviç hakimiyyətinin oliqarxlarının metallurgiya və digər müəssisələri üçün lazım olan qazdan gedir: “Ukraynanın əhalini təbii qazla təmin edəcək qədər ehtiyatı var. Əhalini təmin etmək üçün Rusiyadan qaz almağa gərək yoxdur. Bunu Yanukoviç hakimiyyəti də gözəl bilir. Avrointeqrasiya kursunu qəbul etmək Yanukoviçin hakimiyyəti itirməsi demək olardı. “Rusiya qaz məsələsində Ukraynaya təzyiq edir” və s. bu kimi fikirlər ikinci dərəcəli versiyalardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR