Şair Fəxrəddin Ziyanın 60 illik yubileyi və kitabının təqdimat mərasimi keçirilib

Şair Fəxrəddin Ziyanın 60 illik yubileyi və kitabının təqdimat mərasimi keçirilib
# 30 oktyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Yazıçılar Birliyində şair Fəxrəddin Ziyanın 60 illik yubileyi və “Şeirim, şeiriyyətim” adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, ziyalıların, ədəbiyyat nümayəndələrinin, ali məktəb tələbələrinin iştirak etdiyi tədbirdə Fəxrəddin Ziyanın həyat və yaradıcılığı, şeirləri haqqında çıxışlar olub. Yazıçılar Birliyin katibi, xalq şairi Fikrət Qoca yubilyara birliyin rəhbərliyi adından təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb: “60 yaş qocalığın gəncliyidir. Arzu edirəm ki, qocalığın qocalığına doğru can sağlığı və könül xoşluğu ilə addımlayasan. Həkim yaxşı həkimdirsə, deməli, onun şeirləri də yaxşıdır. Fəxrəddin Ziya hər iki işin öhdəsindən uğurla gəlməyi bacaran qələm adamıdır”.

Yubiley mərasimində professor Buludxan Xəlilov, şairlər Esmira Fuad, Qəşəm Nəcəfzadə, Adil Cəmil və başqaları Fəxrəddin Ziyanın yaradıcılığı haqqında fikirlərini bildiriblər. Buludxan Xəlilov çıxışında qeyd edib ki, F.Ziyanın şeirlərinə onlarla musiqi bəstələnib, bu musiqilər müxtəlif sənətkarların ifasında səslənib.

Qeyd edək ki, F.Ziyanın 60 illik yubileyi münasibəti ilə çap olunan “Şeirim, şeiriyyətim” kitabının redaktoru şair Dayandur Sevgin, ön sözün müəllifi tənqidçi Vaqif Yusiflidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR