Sərxoş və sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən yol qəzalarına görə cəzalar sərtləşdirilib

Sərxoş və sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən yol qəzalarına görə cəzalar sərtləşdirilib
# 05 aprel 2013 11:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında sərxoş və sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən yol qəzaları ilə əlaqədar cəzaların sərtləşdirilməsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunur.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəlləyə “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma” adlı 263-1-ci maddənin əlavə olunması təklif edilir. Həmin dəyişiklikdə nəzərdə tutulur ki, yol qəzaları alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 4 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda da 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 264-cü maddəsinə təklif olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, həm sərxoş vəziyyətdə, həm sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi halda, həm də bu hallar olmadan yol qəzası törətmiş sürücü zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk edibsə, o, qəza yerindən qaçmış şəxs hesab edilmir. Yəni həmin sürücü CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən azad ediləcək.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR