Mübariz Qurbanlı: "Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan etmək qeyri-normal haldır, ölçü götürüləcək"

Mübariz Qurbanlı: "Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan etmək qeyri-normal haldır, ölçü götürüləcək"
# 08 iyun 2015 09:34 (UTC +04:00)

M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, hazırda Komitə bu məsələ ilə məşğul olur, hazırda bir televiziyada bu faktın olması aşkar olunub.

M. Qurbanlı deyib ki, onlar da Şeyxülislamın narahatlığı ilə razıdırlar və ölkədə başqa təqvimlə, başqa meyarlarla dini təqvimlərin, göstəricilərin yayılması düzgün deyil: “Aparılan araşdırma nəticəsində "Interaz" televiziyasında belə hala yol verildiyi aşkarlanıb. Hüquqi tərəfdən bunu araşdırmaq bizə aid olduğu üçün biz bu televiziyaya öz iradımızı bildirəcəyik. Çünki Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan edirsənsə, bu, qeyri-normal haldır. Azərbaycanda Şamaxı Rəsədxanasının QMİ ilə birgə tərtib etdiyi çox düzgün dini təqvimlər var, biz də müstəqil dövlət olaraq öz təqvimimizdən istifadə etməliyik”.

Komitə sədri deyib ki, həmin televiziya komitənin iradından nəticə çıxarmasa, o zaman rəsmi olaraq Milli Televiziya və Radio Şurasına müraciət olunacaq, qanun çərçivəsində ölçü götürüləcək.

M. Qurbanlı onu da deyib ki, bununla bağlı komitənin monitorinqi davam edir və başqa televiziya, o cümlədən digər mətbuat vasitələrində eyni hal aşkar olunarsa, dərhal tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR