Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılıb

Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılıb
# 09 aprel 2015 09:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt şəhərində 12 000 kvadrat metr ərazidə 80 minə yaxın daşınmaz əmlakı bazar qiymətlərinə uyğun kütləvi qiymətləndirib.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

“Hal-hazırda biz daşınmaz əmlakın bazar məlumatlarının reyestr sistemini yaradırıq və ilin axırına kimi həmin sistem dövlət qurumlarının, özəl qurumların və vətəndaşların istifadəsinə veriləcək”, - deyə R. Cəlilov bildirib.

Sədr müavininin sözlərinə görə, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinin əhəmiyyəti bütün əmlakları bir mərkəzdən və mütərəqqi üsullarla vahid standartlara uyğun qiymətləndirilməsindən ibarətdir.

“Kütləvi qiymətləndirmə subyektivlikdən kənar, obyektiv şəkildə aparılır. Yəni söhbət kompüter proqramı əsasında kütləvi qiymətləndirmədən söhbət gedir”, - deyə o bildirib.

R. Cəlilov əlavə edib ki, kütləvi qiymətləndirmə bazasından banklar ipoteka kreditlərinin verilməsi zamanı istifadə edə bilərlər.

Bundan başqa, sistemdə olan məlumatlar əmlakların sığortası, sosial subsidiyalar həyata keçirilərkən, əmlak əməliyyatları, alqı-satqı əməliyyatları, daşınmaz əmlak bazarının təhlili zamanı istifadə oluna bilər.

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi Dünya Bankının vasitəsilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR