Bütün idmançıların çıxış etmək istədiyi Milli Gimnastika Arenasından reportaj - VİDEO

Bütün idmançıların çıxış etmək istədiyi Milli Gimnastika Arenasından reportaj - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 10:18 (UTC +04:00)

Bakı-APA. "Bakı 2015" Avropa Oyunlarının başlanmasına az vaxt qaldıqca hazırlıq işləri də sürətləndirilir. Biz indi paytaxtda inşa olunan unikal mərkəzlərdən birindəyik - Milli Gimnastika Arenasında. Burada gimnastika yarışları ilə yanaşı, digər yarışların da keçirilməsi mümkündür.

Çoxfunksiyalı dizaynı ilə seçilən arenanın fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən LED ekranlar quraşdırılıb. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilkin tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti otağı, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Bu keyfiyyətlərinə görə Milli Gimnastika Arenası dünya ölkələrinin diqqət mərkəzinə çevrilib.

Milli Gimnastika Arenasını digər zallardan fərqləndirən bir çox xüsusiyyətlər var. Gördüyünüz bu yaşıl qurğu vasitəsilə arena iki yerə ayrılır. Həmçinin burada oturacaqların sayını 9 min 500-ə qədər çatdırmaq olar. Gördüyünüz kimi, bunlar ehtiyat oturacaqlardır və zərurət yaranarsa, bunlar açılır və oturacaq kimi istifadə olunur.

Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda hotel də inşa olunub. Azərbaycan Gimnastika Federasiyası milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə fəal şəkildə məşğul olur.

Arena Avropa Oyunlarında 6 növ üzrə yarışı qəbul etmək üçün tam hazırdır. Azərbaycan yığması üçün kompleksdə hər şərait yaradılıb. Komandamız burada həm məşq edir, həm də komanda üzvlərimiz arenanın ikinci mərtəbəsində yerləşən oteldə qalırlar.

Gimnastika Federasiyasında ilkin mərhələdə idmanın üç növü üzrə komandalar formalaşsa da, sonradan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu növlərin sayı 6-ya çatdırılıb. Federasiyanın baş katibi Fərid Qayıbov deyir ki, komandaların iş qrafiki olduqca sıxdır. Müxtəlif sınaq yarışlarına qatılan gimnastlarımız Avropa Oyunlarına özlərini hazırlıqlı hiss edirlər: “Məşq prosesi, qidalanma rejimi, bir sözlə, hər şey yüksək səviyyədədir. Heç bir problem yoxdur. Doğma divarlar arasında çıxış etmək məsuliyyətlidir. Digər ölkələrdə oluruq, heç bir ölkədə gimnastlar üçün belə bir şərait yaradılmayıb. Hazırda nəinki Avropadan, ABŞ-dan, digər qitələrdən də burada təlim-məşq etmək üçün müraciətlər gəlir”.

Aprelin 4-də federasiyaya ağır itki verib. İdman gimnastikası üzrə yığma komandamızın baş məşqçisi Aleksandr Pravdin vəfat edib. Federasiya rəsmisinin sözlərinə görə, onun yerinə hələlik baş məşqçi təyin olunmayıb: “Dərhal dəyişiklik etmək çox çətindir. Biz həm yaxşı bir çalışdırıcı, həm də yaxşı bir insan axtarışdayıq. Bu idman növü bizdə yeni yaransa da, yarışlar təşkil etmişik. Kiçikyaşlı qızlarımız çox həvəslidir. Açığını deyim, Avropa çempionatına komandamız məşqçi olmadan gedib. Pravdini həyat yoldaşı əvəzləyib. Amma o, xoreoqrafdır, məşqçi deyil. Lakin komanda burada çıxışını bitirdikdən sonra axtarışları sürətləndirəcəyik. Hazırda namizəd yoxdur, Avropa Oyunları öncəsi yeni məşqçi tapıb, onunla işləmək istəyirik”.

Avropa Oyunlarında burada 447 idmançının yarışacağı gözlənilir. Ölkəmizi bu yarışda 29 idmançı təmsil edəcək.

Gimnastlarımızın hazırlıq prosesi barədə isə növbəti xüsusi reportajımızda...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR