Avropa Komissiyası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Türkmənistanla danışaqları aktivləşdirir

Avropa Komissiyası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Türkmənistanla danışaqları aktivləşdirir
# 25 mart 2015 19:32 (UTC +04:00)

Bakı - APA-Economics. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç yaxın aylarda "Cənub Qaz Dəhlizi" üçün təbii qazın tədarükünü nəzərdə tutan Transxəzər qaz boru kəmərinin tikintisi ilə bağlı Türkmənistanla danışıqlara başlayacaq.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Reuters" agentliyinə Avropa Birliyinin Türkmənistandakı nümayəndəliyinin rəhbəri Denis Danilidis deyib.

Danışıqların detallarını açıqlamayan diplomat qeyd edib ki, M. Şevçoviç yaxın zamanlarda Türkmənistana səfər edəcək.

D. Danilidis əlavə edib ki, Avropa Komissiyası Türkmənistan qazını gələcəkdə alacaq Avropa şirkətlərinin "hansı şərtlərlə layihədə iştirak edəcəyini anlamaq istəyir".

Öz növbəsində "Reuters" türkmənistanlı diplomatlara istinadən yazır ki, adıçəkilən ölkədən Avropaya ildə 10-30 mlrd. kubmetr qazın tədarükü ilə bağlı aktiv danışıqlar aparılır.

Qeyd edək ki, son illər Rusiya Türkmənistandan qaz idxalını kəskin azaldıb. Bununla belə, Türkmənistan Çinə ildə 30-35 mlrd. kubmetr qaz tədarük edir və 2020-ci ilə qədər bu göstəricini artırmaq niyyətindədir.

Əlavə edək ki, Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşulmaq üçün Türkmənistan Xəzər dənizi ilə boru xətti çəkməlidir.


Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR