Nazir Əli Abbasov Avstriyanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Əli Abbasov Avstriyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 06 mart 2015 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla Avstriya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün istiqamətlərə nüfuz etdiyini deyən Ə. Abbasov digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri, perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən A. Vex ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib. Səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Avstriyalı diplomat nazir Ə. Abbasovun “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”nın sədri kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, münasibətlərin inkişafına təkan verən komissiyanın 1-3 iyun tarixlərində Bakıda keçiriləcək növbəti iclasında qarşılıqlı investisiya qoyuluşlarının müzakirəsinin, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes forumun təşkilinin məqsədəuyğunluğundan danışıb.

Səfir A. Vex ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR