Moskvada Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib

Moskvada Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib
# 19 may 2015 10:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında İ.O. Dunayevskiy adına musiqi məktəbində cazmen Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı, Moskva Mədəniyyət Departamentinin dəstəyi ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev tədbirə gələn qonaqları RAGB sədri Leyla Əliyeva adından salamlayıb. O, Vaqif Mustafazadənin Azərbaycan mədəniyyətinin fəxri adlandıraraq Azərbaycanın böyük musiqiçilərindən biri olduğunu söyləyib.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova isə tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. O, Vaqif Mustafazadənin təkcə Azərbaycan cazının deyil, dünya cazının bir epoxası olduğunu söyləyib: "Vaqif Mustafazadə cazda yeni istiqamətin-Azərbaycan muğam-cazının yaradıcısıdır. Onun yaradıcılığı Azərbaycan muğamı ilə cazın improvizəsidir. Vaqif Mustafazadəyə təkcə Azərbaycanın caz musiqiçiləri deyil, bir çox Rusiya cazmenləri özlərini oxşadırdılar”.

Tədbirdə iştirak edən Rusiyanın xalq artisti, pianoçu, bəstəkar İqor Bril cazmen Vaqif Mustafazadə ilə dostluğundan danışıb: "Bizim görüşlərimiz möhtəşəm keçirdi. Bu görüşlər konsertlər və musiqi haqqında sonu olmayan söhbətlər idi. Biz Vaqiflə Bakıda görüşmüşdük və festivallarda iştirak etmişdik. Vaqif müəmmalı təbəssümü olan böyük musiqiçi idi".

Məşhur azərbaycanlı pianoçu-cazmen Vaqif Sadıxov isə bunları deyib: "Dostlar onu "böyük Vaqif" deyə, məni isə "balaca Vaqif" deyə çağırırdılar. Halbuki boyum balaca deyil. Bakı cənub şəhəridir, burada hər zaman çoxlu musiqi və çox yaxşı musiqiçilər olur. Vaqif də həmin bu nəslin içində böyümüşdü, caz mədəniyyətinə yiyələnmişdi. O, istedadlı, qabiliyyətli və musiqi ilə yaşayan bir insan idi".

Gecə gənc azərbaycanlı və rusiyalı musiqiçilərin çıxışları ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR