AHİK sədri Belarus Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətini qəbul edib

AHİK sədri Belarus  Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətini qəbul edib
# 08 avqust 2014 15:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun sədri, millət vəkili Səttar Mehbalıyevin Azərbaycanda səfərdə olan Belarus Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti ilə görüşü olub.

AHİK-dən APA-ya verilən məlumata görə, qonaqları salamlayan S.Mehbalıyev hər iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı sıx əməkdaşlıq əlaqələrinin artan müstəvidə inkişaf etməsindən məmnunluğunu ifadə edərək deyib ki, bu əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi təkcə ölkələrimizin deyil, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatının daha da qüdrətlənməsi yolunda atılan mühüm addımdır. Qeyd olunub ki, bir müddət bundan öncə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətinin Belarusa səfəri əməkdaşlığın daha da möhkəmlənməsinə yeni bir töhfə olub.

Cavab görüşü olaraq Azərbaycanda qonaq olan Belarus nümayəndə heyəti avqustun 4-də Azərbaycana gəlib, buradakı həmkarlarının fəaliyyəti və iş təcrübəsi ilə yaxından tanış olublar.

Qonaqlar səfər çərçivəsində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Ülfət” istirahət kompleksi ilə tanış olub, oradakı şəraitdən razı qaldıqlarını bildiriblər. Daha sonra Qubadakı Soyqırımı Memorial Kompleksi ziyarət edilib, Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi ilə tanışlıq olub.

Qonaqlar, həmçinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər xiyabanında şəhidlərin xatirəsini yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR