“Sovetski”də sahəsi 15 kvadrat metrə qədər olan evlərin sayı müəyyənləşdirilib

“Sovetski”də sahəsi 15 kvadrat metrə qədər olan evlərin sayı müəyyənləşdirilib
# 16 oktyabr 2014 11:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA. “Azərbaycan hökuməti sökülməsi nəzərdə tutulan Bakının “Sovetski” adlanan yaşayış massivindən sakinlərin köçürülməsi məsələsinin həll olunması üzərində düşünür. Kim isə evini tərk etmək istəmirsə, orada qalsın. Onlara güc tətbiq edilirmi? Nə hökumət, nə də başqa bir tərəf sakinlərə təzyiq göstərir”. "APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov xatırladıb ki, evləri sökülən sakinlərə hər kvadrat metrə görə 1 500 manat həcmində təzminat ödənilir: “Bakıda evlərin qiymətindən xəbəriniz varmı? Bundan artıq qiymət mövcud deyil. Lakin 15 kvadrat metrə qədər sahəsi olan evlərdə yaşayan sakinlər evlərini satarsa, bu məbləğə ev ala bilməsi başqa məsələdir. Hazırda hökumət bu məsələnin həll edilməsi istiqamətində iş aparır. Bunun üçün zaman lazımdır”.

Baş nazirin müavini “Sovetski”də sahəsi 15 kvadrat metrə qədər olan evlərdə yaşayan ailələrin sayının müəyyənləşdirildiyini də açıqlayıb: “Söhbət 300-dən artıq ailədən gedir”.

A. Şərifovun sözlərinə görə, bu gün istər mikrorayonlarda, istərsə də "Sovetski"də heç kim şikayət edə bilməz ki, evi sökülüb və təzminat almayıb: “Məsələn, 3-cü mikrorayonda "Xutor" dairəsi deyilən ərazidə tunel və körpülərin tikilməsi ilə bağlı 100-dın artıq ev sökülüb. Evlərin 90%-dan çoxunun sənədi yox idi, amma hamısı təzminat aldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR