“Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılıb

“Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılıb
# 25 iyul 2014 15:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. ARDNŞ-nin “Neftqaztikinti” trestində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi tərəfindən işlənilən “Bulla-dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə başlanılıb.

ARDNŞ-dən “APA –Economics”ə verilən məlumata görə, bu məqsədlə “Zığ” istehsalat sahəsində 2 ədəd dayaq bloku, 1 ədəd aralıq seksiyası hazırlanıb. Qalan 8 ədəd dayaq bloku və 10 ədəd aralıq seksiyası “BOS Şelf” MMC-də hazırlanır.

Dənizdə işlərə başlanılması bu ilin avqust ayına planlaşdırılıb. Stasionar dəniz platformasında bir-birinə piyada körpüsü ilə birləşəcək iki hissənin - istehsalat və yaşayış bloklarının tikintisi nəzərdə tutulur. Plana əsasən istehsalat hissəsi 3940 kvadrat metrlik sahəni əhatə edəcək.

Burada üç tərəfdən minik və yanalma meydançalarının inşası üçün də işlər görülür. Ümumi sahəsi 750 kvadrat metr nəzərdə tutulan yaşayış hissəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə birləşdiriləcək. Yaşayış bloku iki tərəfdən minik meydançaları ilə, habelə 42 yerlik xilasedici qayıqla təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR