Azərbaycan jurnalisti Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb

Azərbaycan jurnalisti Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb
# 07 aprel 2012 23:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 6-da Azərbaycan jurnalisti Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Dövlət Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəri Şahismayıl Şəmmədoğlu Məmmədov Gürcüstan-Azərbaycan xalqının dostluğunun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Gürcüstanda əmək fəaliyyətinin 20 illiyi və anadan olmasının 50 illiyi münasibəti ilə “Şərəf” ordeni ilə təltif edilib.
Şahismayıl Şəmmədoğlu 1962-ci ildə Qardabaninin Kosalar kəndində anadan olub. İlk əmək fəaliyyətinə fransız dili müəllimi kimi başlayıb. O, 1992-ci ildən başlayaraq “Azərinform”un, sonra isə “AZƏRTAC”-ın Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəri kimi jurnalist fəaliyyətini genişləndirir.
Şahismayıl Şəmmədoğlu bir neçə kitabın müəllifi kimi oxucuların rəğbətini qazanıb. Onun ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, səfərlərindən bəhs edən “Heydər Əliyev və Gürcüstan” adlı kitabı 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunub. Sonra “Dənizdən-dənizə”, “Dostluğun etalonu”, “Dostluq yolu”, “İrsiyyət Fondu”, “Sabitliyin təminatı”, “Bu gündən-gələcəyə” adlı filmlərin müəllifi olub.
20010-cu ildə Gürcüstanda gürcü rejissorları Georgi Toradze və Tengiz Txilava Azərbaycan prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyinə həsr olunan “İlham Əliyev və Gürcüstan” adlı film çəkiblər. Filmin ssenari və ideya müəllifi Az.TV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu olub. “İlham Əliyev və Gürcüstan” filmi Rustavi-2 və “Pirveli Arxi” (İctimai televiziya) telekanallarında göstərilib. Həmin film eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Borçalı ərazisində yayımlanan “Marneuli TV”də nümayiş olunub. Belə məzmunlu filmlər Azərbaycan və Gürcüstanın tarixi dostluğunun daha da dərinləşməsinə və möhkəmləndirilməsinə xidmət edir. Şahismayıl Şəmmədoğlu istedadlı bir televiziya müxbiri kimi Azərbaycan-Gürcüstan arasında həyata keçirilən ən böyük tarixi layihələrin fəaliyyəti haqqında filmlər çəkir, xəbərlər yayır, bununla öz qələmi və obyektivin gözü ilə tarixin sinəsinə şanlı səhifələr yazır...
Xatırladaq ki, Şahismayıl Şəmmədoğlu yeganə soydaşımızdır ki, ikinci dəfə olaraq Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. O, 2001-ci ilin fevralın 15-də prezidentin sərəncamı ilə eyni mövzuda xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR