Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində I rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində I rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib
# 23 aprel 2012 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin I rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK sədri Rüfət Aslanlı cari ilin ilk 3 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal iqtisadiyyatın kövrək və qeyri-bərabər artımla davam etdiyini, risklərin hələ də mövcud olduğunu qeyd edib.

R.Aslanlı qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda ölkə iqtisadiyyatının inkişafının ötən dövrlərdə olduğu kimi, 2012-ci ilin I rübü ərzində də davam etdiyini bildirib.

QKDK sədri cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar bazarının inkişafını qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdiyini bildirib və qeyd edib ki, 2012-ci ilin əvvəlindən qısamüddətli istiqrazların emissiyası həyata keçirilməyib, İpoteka Fondunun istiqrazlarının həcmi azalıb və maliyyə təsisatları üçün tətbiq edilən «vergi tətilləri» ləğv edilib: «Buna baxmayaraq, son illərdə qiymətli kağızlar bazarının inkişafı üçün görülən tədbirlərin nəticəsi olaraq bazarda əməliyyatların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10%, həcmi isə 1,6 dəfə artaraq 2,7 mlrd. manat təşkil edib».

Daha sonra QKDK-nın sədr müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilmiş tədbirlər və müvafiq fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, QKDK-nın beynəlxalq əlaqələrinin gücləndirilməsi və ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkili istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İclası yekunlaşdıran kollegiyanın sədri R.Aslanlı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramının (2011-2020-ci illər) effektiv icrasının təmin edilməsini, digər dövlət qurumları ilə əlaqələndirilməsi ilə bağlı göstərişlər verib. Həmçinin, dövlət başçısının «Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkilli sahəsində bəzi tədbirlər haqqında» fərmanının icrasını təmin etmək məqsədilə zəruri işlərin sürətləndirilməsini və QKDK-nın struktur bölmələrinin 2012-ci il üzrə fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını təmin edilməsini tapşırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR