Azərbaycan «Connect Arab Summit»də iştirak edir

Azərbaycan «Connect Arab Summit»də iştirak edir
# 05 mart 2012 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dohada (Qətər) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan «Connect Arab Summit 2012»də iştirak edir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, BMT Baş Assambleyasında qətnamə ilə qəbul edilmiş «Trans-Avrasiya Super İnformasiya Magistralı» (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini əsas gətirərək Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Azərbaycanın tədbirdə iştirakını məqsədəuyğun sayıb.

Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr ediləcək. Toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri iştirak edəcək. Nazir Ə.Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulub.

Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası Anlaşma Memorandumunun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, «Qatar Satellite Company», «Qatar National Broadband Network Company», «Qtel» şirkətlərinin rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi və «Qatar Foundation»un nəzdində «Qatar Science and Technology Park»ına səfər nəzərdə tutulur.

BTİ-nin baş katibi Həmədun Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR