Azərbaycanda geyim, parfümeriya və kosmetika mallarının satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib

Azərbaycanda geyim, parfümeriya və kosmetika mallarının satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib
# 09 aprel 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə geyim, parfümeriya və kosmetika mallarının satışı ilə məşğul olan təsərrüfat subyektlərinə müraciət edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Reklam haqqında» qanuna əsasən, reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti) barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq, istehlakçını qəsdən yanlış istiqamətləndirən reklam isə bilərəkdən yalan reklam hesab olunur. Qeyri-dəqiq və bilərəkdən yalan reklamların yayımlanması qadağandır.

«Haqsız rəqabət haqqında» qanuna görə, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılmasına və nəticədə haqsız rəqabətə səbəb olur. Bu hərəkətlərə görə bazar subyektlərinə haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə əldə edilmiş ümumi gəlirin 10%-dək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə isə 20%-dək maliyyə sanksiyası tətbiq olunur.

Qeyd olunan qanun pozuntusu hallarına yol verilməməsi üçün endirim kampaniyaları «Reklam haqqında» qanunun tələblərinə riayət edilməklə həyata keçirilməli, satışda olan malların üzərində malın adı, növü və qiyməti, qiymət kağızının arxa tərəfində isə maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi göstərilməli, endirim tətbiq edilən malın üzərində ilkin və endirimdən sonrakı qiymətlər göstərilməli, endirimlərlə bağlı reklamların yayımlanması üçün aidiyyəti strukturlardan icazə alınmalı, endirimlərlə əlaqədar yayımlanan reklamlarda endirim tətbiq olunan malların əhatə dairəsi (bütün mallara, bir qrup mala yaxud bir mala və s.) dəqiq göstərilməli, tətbiq olunan endirim faizləri reklamda konkret göstərilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR