Litvanın Azərbaycandakı səfiri: “Düşünmürəm ki, bir litvalı aktyorun Dağlıq Qarabağa səfəri Azərbaycanla münasibətlərimizə çox ciddi təsir göstərə bilər”

Litvanın Azərbaycandakı səfiri: “Düşünmürəm ki, bir litvalı aktyorun Dağlıq Qarabağa səfəri Azərbaycanla münasibətlərimizə çox ciddi təsir göstərə bilər”
# 05 noyabr 2012 09:51 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. “Azərbaycanla Litva arasında münasibətlərin yaxşı bazası var, tərəflər arasında 20-dən artıq hökumətlərarası və qurumlararası sazişlər imzalanıb”. Bu fikirləri APA-ya müsahibəsində Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas deyib.

Səfir iki ölkə arasında kifayət qədər möhkəm siyasi münasibətlərin qurulduğunu söyləyib: “Mədəni-humanitar əməkdaşlıq, turizm sahəsində qarşılıqlı əlaqələr aktiv inkişaf edir. Biznes və iqtisadiyyat münasibətlərimizin xüsusi istiqamətləridir və bu sahələrdə inkişaf imkanlarına xüsusi diqqət yetirmək zəruridir. Azərbaycan və Litva nəqliyyat, energetika, ekologiya sahəsində sıx əməkdaşlıq edə bilər. Azərbaycanda indi tikinti bumu yaşanır, Litvanın tikinti sənayesi ən yüksək səviyyədədir və Türkiyə ilə rəqabət apara bilər. Bundan başqa biz Litvada daha çox azərbaycanlı sərmayəçi görmək istərdik. İnvestisiya istiqamətləri çoxdur, bizdə “təmiz sahə” layihəsi çox populyardır. Yəni, pul qoyur, istiqamət seçir və sıfırdan biznesi inkişaf etdirməyə başlayırsan. Bununla bağlı çoxlu uğurlu misallar çəkmək olar, çünki Litva – Avropa Birliyidir, bir tərəfimiz Qərbi Avropa, bir tərəfimiz Skandinaviya, bir tərəfimiz Rusiya və Belarusdur”.

Səfir müsahibəsində Litvadan olan musiqi qrupunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçılar tərəfindən keçirilən festivalda iştirakı ilə bağlı Azərbaycanın Litva XİN-ə verdiyi notaya da münasibət bildirib və bu faktın iki ölkə arasında münasibətləri pisləşdir biləcəyinə dair sualı cavablandırıb: “Düşünmürəm ki, bir aktyorun monotamaşa ilə səfəri münasibətlərimizə çox ciddi təsir göstərə bilər. Sözsüz ki, bu, işğal faktını tanımadığımız anlamına gəlmir və yaradıcı insanın səfəri Litvanın rəsmi mövqeyini əks etdirmir. Bizdə Litvada vətəndaşların sərbəst hərəkət etmək hüququ var, sərhədlər bağlı deyil. Biz heç kimi zorla saxlamırıq, istədiyi yerə getməyə və bunun nə nəticə verə biləcəyinə vətəndaş özü qərar verir. Azərbaycanın işğal atında olan ərazilərinə səfər edən şəxsin Azərbaycana səfər etmək hüququndan avtomatik məhrum olunduğu Litvada hamıya məlumdur və bu, elan olunub. Qeyd etmək istəyirəm ki, bu səfər dövlət strukturları tərəfindən təşkil olunmayıb və mövqeyimizi Bakıda həmkarlarımıza izah etmişik”.

Səfir Azərbaycanla Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığını da dəyərləndirib: “Növbəti il iyulun 1-dən Litva Avropa Birliyinə sədrlik edəcək. Bununla da əsas prioritetlərimizdən biri olan “Şərq Tərəfdaşlığı” proqramına xüsusi diqqət yetirəcəyik. Sədrlik dövründə fəaliyyətimizin əsas ağırlığı Avropa Birliyi və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının sammitinin təşkilinə salacağıq. Sammit gələn ilin noyabrında Vilnüsdə keçiriləcək. Bu sammit “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropa Birliyi ilə münasibətlərinin inkişafına kifayət qədər güclü impuls vermiş olacaq. Fikrimcə, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq pozitiv şəkildə davam edir, təcrübə mübadiləsi aparılır. “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq iştirakçı dövlətləri Avropa dəyərlərinə, Avropa Birliyinə yaxınlaşdırmaq üçün bir üsuldur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR