Can Bonomo: “Azərbaycanın “Eurovision”da göstərdiyi yüksək nəticə məhz yüksək mədəniyyətindən irəli gəlir” - MÜSAHİBƏ

Can Bonomo: “Azərbaycanın “Eurovision”da göstərdiyi yüksək nəticə məhz yüksək mədəniyyətindən irəli gəlir” - <font color=red>MÜSAHİBƏ</font>
# 14 fevral 2012 13:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Can Bonomonun APA-ya müsahibəsi.

- Azərbaycana ilk gəlişiniz yaddaşınıza necə həkk olundu?

- Burada olduğum müddətdə çox gözəl anlar yaşadım. Azərbaycan sənət dolu bir ölkədir və bunu canlı olaraq gördüm. Bakıda günlərim çox maraqlı keçdi və buna görə qardaş ölkəyə təşəkkür edirəm. Azərbaycanın milli finalında iştirak edən hər bir ifaçı çox gözəl performans nümayiş etdirdi. Qazanan və qazanmayan hər bir finalçını yüksək sənət nümayişindən dolayı təbrik edirəm. Biz hər ifadan böyük zövq aldıq. Bu ölkənin müsabiqədə göstərdiyi yüksək nəticə də məhz yüksək mədəniyyətdən irəli gəlir. Bu cür mədəniyyətə, musiqi tarixinə malik bir ölkənin aldığı qiymət də layiqli olmalıdır. Həyatımda ilk dəfə Bakıya gəldim və burada bizi çox gözəl qonaq etdilər. Maltalı dostlarla da tanışlığım burada oldu və məncə onlar da Bakı və ölkə insanları ilə bağlı mənimlə bərabər çox yüksək fikirdədirlər. Bakıda olan memarlıq abidələri, binalar məni valeh etdi. Həqiqətən də bu ölkə sevilməyə layiqdir.

- Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsindən gözləntiləriniz nədir? Can üçün qardaş ölkə Azərbaycan düşərli olacaqmı?

- Əslində nəticə ilə bağlı nəsə demək hələ çox tezdir. Əsas məsələ musiqiləri yarışdırmaq deyil, bütün bayraqları yan-yana toplayıb qardaşlıq mövqeyi göstərmək və bunu ürəkdən etməkdir. Gözəl və istiqanlı Bakıda “Eurovision-2012”nin çox əyləncəli keçəcəyinə əminəm və düşünürəm ki, hər kəs öz ölkəsini çox gözəl şəkildə təmsil edəcək. Bakıda bu müsabiqənin keçiriləcəyi “Crystal Hall” ilə tanış oldum və mənə çox gözəl təsir bağışladı. Azərbaycanın müsabiqədə ev sahibi kimi sözünü deyəcəyinə bir daha əmin oldum. Bu şounu məhz qardaş ölkədə görmək şansını qazanmağın özü bir şansdır və buna sevinirəm. Mən yaradıcılığa 8 yaşından başlamışam. 5 il gitara dərsləri almışam və 19-20 yaşımda özüm mahnılar bəstələmişəm. Bir albomum var. “Eurovision” xəbərini alandan bəri üzərimdə ciddi işləməyə başlamışam.

- Sizin ifa etdiyiniz musiqilər rok üslubu ilə qarışıqdır. Sizcə son illər Türkiyənin “Eurovision” təmsilçilərinin bu üsluba önəm verməsi bir az sıxıcı deyilmi? Ötən il “Yüksək Sədaqət” qrupu finala vəsiqə qazana bilmədi. Can öz vəziyyətini necə qiymətləndirir?

- Mənim üçün “Eurovision” müsabiqəsində iştirak daha önəmlidir. Sıralamadan daha çox, iştirak və gözəl perfomans əhəmiyyət daşıyır. Müsabiqədə iştirakımı gözləmirdim, təmsilçiliklə bağlı çox böyük adlar çəkilirdi. Daha öncə gedən hər kəs bizim bacı və qardaşlarımızdır. Çoxsaylı albom çıxarmış, konsertlər vermiş insanlardır. Amma mənim bu günə kimi yalnız bir albomum çıxıb. Bu böyük işin mənə həvalə edilməsi sürpriz oldu. Bu müsabiqədə təmsilçilikdən qürur və şərəf duyuram. Bizim tərzimizdə alaturka və rok eyni anda istifadə olunur. Güman edirəm ki, elə “Eurovision”da da Türkiyəni öz tərzimizdə bir musiqi ilə təmsil edəcəyik. “Eurovision” yarışmasında Türkiyənin təmsilçiliyini çox uğurlu hesab edirəm. Mənim məqsədim birincilik qazanmaq istəyindən başqa, Türkiyəni bu səhnədə düzgün təmsil etməkdir. Mayın 16-da, doğum günümdə Bakıda olacağam, o səbəbdən də bu təqvim mənim üçün çox önəmlidir. “Eurovision” müsabiqəsi çox dinamik bir yarışmadır və həmin ərəfədə də çoxlu işimiz olacaq. Güman ki, çoxsaylı işlər və hazırlıqlarla bağlı ad günümü daha sadə və sakit qeyd edəcəyəm.

- Müsabiqədə təmsilçi ilə yanaşı, ifa olunacaq mahnı da böyük əhəmiyyət kəsb edir. Sizin mahnı nə vaxt hazır olacaq?

- Mahnını özüm hazırlayıram və artıq bitmək üzrədir. İki həftə sonra “Eurovision-2012” mahnım açıqlanacaq. Bu mahnının Türkiyəyə və mənə uğur gətirəcəyinə ümid edirəm. Bir ölkəni təmsil etmək və bayrağın altında tək dayanmaq çox böyük olaydır. Hazırda bunu çox sakit danışa bilirəm, amma həqiqətən də bu, həyəcanlı bir şeydir. Ağlımda bir neçə fikir var. Həm türk, həm də ingilis dilində mahnı oxumaqla bağlı bəzi düşüncələrim var. Oxuyacağım mahnı özümə aid olacaq. Maraqlı alınmalıdır.

- Qardaş ölkə Azərbaycandan qardaş Türkiyəyə qələbə aparmaq üçün Can səhnədə canını qoyacaqmı?

- Sözsüz ki, canımı da qoymağa hazıram və nəticənin uğurlu olması üçün əlimdən gələni edəcəyəm. İnşallah, bu il də ya Azərbaycan, ya da biz qələbə qazanarıq. Bunun üçün dua edirəm. Mayda yenidən Bakıda görüşmək ümidi ilə…
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR