Baş Prokurorluq: Tofiq Ağacanov qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar istintaqa kömək göstərmədiyi üçün prokurorluqdan xaric edilib

Baş Prokurorluq: Tofiq Ağacanov qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar istintaqa kömək göstərmədiyi üçün prokurorluqdan xaric edilib
# 31 mart 2012 15:56 (UTC +04:00)
“O, vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verib”

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Baş Prokurorluğu Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanovun iddialarına cavab verib. APA-nın məlumatına görə, qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Tofiq Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən və 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar səlahiyyətli orqanlara onun şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib. Həmin əmr elan olunmaqla, surəti Tofiq Ağacanova göndərilib.

Bundan başqa, 24 dekabr 2009-cu il tarixdə müraciəti əsasında əmək kitabçası Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən imza etdirilməklə T.Ağacanova təqdim olunmuş və bu zaman əmrin surətinin verilib-verilməməsi ilə əlaqədar T.Ağacanov tərəfindən məsələ qaldırılmayıb.

Qeyd edək ki, T. Ağacanov ötən gün baş prokuror Zakir Qaralovu məhkəməyə verməsi barədə APA-ya məlumat verib. T. Ağacanova istinadən yayılan həmin məlumatda bildirilir ki, o, 3 il əvvəl işdən çıxarılmasına baxmayaraq, işdən çıxarılması barədə əmri hələ də ala bilməyib. İşdən azad olunması barədə əmrin baş prokuror tərəfindən verildiyini qeyd edən T. Ağacanov məsələni hüquqi qaydada həll etmək üçün məhkəməyə üz tutduğunu bildirib. O, həmçinin vurğulayıb ki, qaldırdığı iddia 1 saylı Bakı İqtisad Məhkəməsi tərəfindən araşdırılır.

1 saylı Bakı İqtisad Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, sözügedən iddia hakim İlham Əhmədovun icraatındadır. Artıq bu iş üzrə bir neçə proses keçirilib. Baş Prokurorluq sabiq prokurorun işdən azad edilməsi barədə əmrin surətini də məhkəməyə təqdim edib. Əmrə əsasən, T. Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan cinayət hadisəsinin istintaqı ilə əlaqədar səlahiyyətli orqanlara qohumluq münasibətlərində olduğu cinayəti törədənin şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib. Məhkəmənin aprelin 16-na təyin olunmuş iclasında yekun qərarın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Baş Prokurorluğunun T. Ağacanovun işdən azad edilməsində səbəb kimi göstərdiyi “vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan cinayət hadisəsinin istintaqı ilə əlaqədar səlahiyyətli orqanlara qohumluq münasibətlərində olduğu cinayəti törədənin şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, istintaqa müvafiq köməklik göstərmədiyinə görə” ifadəsi 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini törətmiş Fərda Qədirovla bağlıdır.

T. Ağacanov isə APA-ya bildirib ki, F. Qədirovla şəxsən tanışlığı və hər hansı münasibəti olmayıb: “15-20 il əvvəl mənim ögey qardaşım Fərda Qədirovun bacısı ilə qısa müddətli evlilik həyatı yaşayıb. Bütün bunlarla bağlı mən istintaqa lazımi ifadə vermişəm. Tanımadığım adamla bağlı daha ətraflı məlumata isə malik olmamışam”.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanında yerləşən ikinci korpusunda 12 nəfər öldürüb, 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov T. Ağacanovla qohum olub. Sabiq prokuror F. Qədirovla bağlı istintaqa tutarlı məlumatlar vermədiyi üçün prokurorluq orqanlarından xaric edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR