Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatına başlanır

Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatına başlanır
# 15 mart 2012 09:30 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu gün ƏMDK tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçirilib.

Tədbirdə komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Elektron Qeydiyyat İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcək ki, bu da qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə yanaşı, bu sahədə şəffaflığı və etibarlığı daha da artıracaq.

Qeyd olunub ki, daşınmaz əmlak üzərində hüquqların elektron qeydiyyatına keçidlə bağlı artıq ƏMDK-nın və komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) internet saytlarında elektron xidmətlər bölməsi yaradılıb. Bu bölmələrdə elektron xidmətlərin göstərilməsi qaydaları, qeydiyyat üçün müraciət (ərizə) formaları və tələb olunan sənədlərin siyahısı, qeydiyyat üçün tələb olunan dövlət rüsumu və xidmət haqları, bir sözlə, elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan məlumatlar yerləşdirilib.

R.Cəlilovun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək ki, bunun da 1-ci mərhələsinə artıq mart ayının 1-dən başlanıb. 1-ci mərhələdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün vətəndaşlardan müraciətlərin elektron qaydada qəbulu nəzərdə tutulur. Bu xidmətin sayəsində hazırda fiziki və hüquqi şəxslər DƏDRX-in internet səhifəsindəki (http://emdkdedrx.gov.az/) «Elektron xidmət» bölməsinə daxil olmaqla ərizələrin qəbulu üçün elektron müraciət edə bilərlər. Artıq bu bölmədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün elektron müraciətlərin qəbuluna başlanıb. Bu müraciətlərə komitənin yerli qeydiyyat ofislərində operativ qaydada baxılır və müraciət edənlərə yerli ofislərə hansı tarixdə və hansı vaxtda müraciət etməsi barədə elektron bildiriş göndərilir.

May ayının 1-dən etibarən isə elektron xidmətlərin 2-ci mərhələsi başlayacaq. Bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Başqa sözlə, elektron xidmətlərin 1-ci mərhələsində şəxslər əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edib, bunun üçün tələb olunan sənədləri DƏDRX-in yerli ofislərinə adi qaydada təqdim etməli idilərsə, 2-ci mərhələdə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada - internet vasitəsilə göndərilə biləcək. R.Cəlilovun sözlərinə görə, bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq.

Yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaq. Müraciətlər portal vasitəsilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər.

Tədbirdə ƏMDK-nın, Dünya Bankı və KfW bankın, NETCAD, Saybernet, Koreya Respublikasının “SK C & C Co. LTD”, Sumqayıt Kadastr layihəsi üzrə podratçı şirkətin, əmlak bazarında fəaliyyət göstərən QHT-lərin və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Elektron arxivin yaradılması, yəni qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində qeydiyyat prosesi zamanı bu sənədlərin axtarılmasına vaxt itirilmir. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrlə artırmağa imkan verir.

Bununla əlaqədar olaraq komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 190 mindən artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq (yəni skan edilərək) Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib.

Elektron xidmətlərə keçidlə əlaqədar olaraq DƏDRX-nin Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub və 18 ərazi idarəsinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib.

Tədbirdə elektron xidmətlərə keçidin daşınmaz əmlakın qeydiyyatı sisteminin şəffaflıq və səmərəliliyi artıracağı, daşınmaz əmlak bazarının dinamik inkişafı üçün zəmin yaradacağı vurğulanaraq, bu istiqamətdə müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR