Mahmud Əhmədinejad: “İranın hər cür təcavüzkara və təhdidə qarşı cavabı açıq və dəqiqdir”

Mahmud Əhmədinejad: “İranın hər cür təcavüzkara və təhdidə qarşı cavabı açıq və dəqiqdir”
# 24 sentyabr 2012 10:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın hər cür təcavüzkara və təhdidə qarşı cavabı açıq və dəqiqdir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad CNN-ə müsahibəsində deyib.

O, detalları izah etməyə ehtiyac olmadığını bildirib: “Çünki hər bir dövlətin təcavüzkara qarşı özünü müdafiə etmək haqqı var. Amma burada soruşulması lazım olan dünyanın nə üçün bu şəkildə idarə olunmasıdır? Nə üçün İsrail İran kimi böyük tarixi olan bir ölkə əleyhinə əsassız ittihamları gündəmə gətirməklə özünə hücum etməyə icazə versin?”

M. Əhmədinejad amerikalı rejissorun israilli sponsorların dəstəyi ilə çəkdikləri İslam peyğəmbərini təhqir edən və ABŞ-ın Benqazidəki səfirinin qətlə yetirilməsi ilə nəticələnən filmə də münasibət bildirib: “Biz hər şeydən əvvəl xalqların müqəddəs dəyərlərinə yönəlmiş hər cür hücumu və onları qızışdırmaq cəhdlərini qınadığımızı bildirməliyik. Bununla bərabər, həddin aşılmasını da qınamaqdayıq. İslam peyğəmbəri əleyhinə olan filmi və bənzəri cəhdləri pisləyirik. Bunların da ifadə azadlığı altında edilməsini qınayırıq. Çünki bunların ifadə azadlığı ilə heç bir əlaqəsi ola bilməz. Xalqların müqəddəs dəyərlərinə hücum edilməməlidir. Biz dünyanın heç bir yerində bir insanın da ölməsini istəmirik”.

Fələstin məsələsinə də toxunan İran prezidenti ölkəsinin bu məsələdəki mövqeyinin açıq və dəqiq olduğunu vurğulayıb: “Fələstin xalqının sərbəst və ədalətli bir mühitdə özlərinin qərar verəcəkləri hər bir addımı qətiyyətlə dəstəkləyəcəyik”.

Qeyd edək ki, M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR