Aleksandr Vuçiç Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Serbiyaya da nəql ediləcəyinə böyük ümid bəsləyir

Aleksandr Vuçiç  Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Serbiyaya da nəql ediləcəyinə böyük ümid bəsləyir
# 15 aprel 2015 04:36 (UTC +04:00)

Bakı-APA. Aprelin 14-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. APA-nın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rövnəq Abdullayev Azərbaycan və Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli perspektivlər olduğunu bildirib. Azərbaycana səfərindən məmnun olduğunu deyən Serbiyanın baş naziri Aleksandr Vuçiç iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinə böyük maraq göstərdiklərini deyib.

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayan SOCAR prezidenti “Şahdəniz-2” layihəsinin bu dəhlizin açılmasında ilk və vacib əhəmiyyətli mərhələ olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, Azərbaycanda kəşf olunmuş “Ümid”, “Abşeron” yataqlarının və digər perspektivli strukturların işlənilməsi də Cənub Qaz Dəhlizinin gələcəyi ilə sıx bağlıdır.

Serbiya hökumətinin başçısı Azərbaycanın son illər etibarlı neft və qaz təchizatçısı kimi tanındığını diqqətə çatdırıb, ölkəmizdə hasil olunacaq təbii qazın gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə Serbiyaya da nəql ediləcəyinə böyük ümid bəslədiklərini deyib. O, Azərbaycanın “Şahdəniz” və digər qaz yataqlarından hasil olunacaq təbii qaz həcmlərinin Serbiyanın ehtiyaclarının qarşılanmasında prioritet kimi baxıldığını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR