Bir ildə Azərbaycanda tikinti-quraşdırma işlərinə yatırılan məcmu investisiyalar 13% artıb

Bir ildə Azərbaycanda tikinti-quraşdırma işlərinə yatırılan məcmu investisiyalar 13% artıb
# 15 avqust 2014 07:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 075,5 mln. manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əsas kapitala cəlb olunmuş vəsaitin 6 596,7 mln. manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 13% artıb. Əsaslı vəsaitin 67,7%-i və ya 6 140,7 mln. manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, əsas kapitala yönəldilmiş vəsaitin 6,4 mlrd. manatını və ya 70,8%-ni daxili investisiyalar təşkil edib və ötənilki səviyyədən 2,4% az, xarici investisiya 18,9% yüksək olub.

Hesabat dövründə tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Yeddi ay ərzində 986,5 min kv.metr sahəsi olan yaşayış evləri, 3 300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu və s. obyektlər istifadəyə verilib.

Beləliklə, bu il inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5 413,6 mln. manat vəsaitin 3 065 mln. manatından istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR