Yaponiya mütəxəssisləri Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmağa çalışacaq

Yaponiya mütəxəssisləri Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmağa çalışacaq
# 13 noyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yaponiya Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması məqsədilə yaxın günlərdə İrana mütəxəssislərdən ibarət bir nümayəndə heyəti göndərəcək.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın energetika naziri Həmid Çitçian bildirib.

Onun sözlərinə görə, yapon mütəxəssislər Urmiya gölündə yaşanan problemin həlli mövzusunda İran rəsmiləri ilə fikir mübadiləsi aparacaq, öz təkliflərini verəcəklər. H.Çitçian noyabrın 13-də Yaponiyanın İrandakı səfiri ilə görüşündə də əsas müzakirə mövzularından birinin Urmiya gölündəki ekoloji fəlakət olduğunu deyib.

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Fumio Kişida İrana səfəri zamanı bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşündə rəsmi Tokonun Tehranla Urmiya gölünün qurumasının qarşısının alınması başda olmaqla zəlzələ, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə, ekoloji problemlər, enerji resursları və su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR