Los Ancelesdə Azərbaycan gecəsi keçirilib

Los Ancelesdə Azərbaycan gecəsi keçirilib
# 26 iyul 2013 08:53 (UTC +04:00)

Bakı-APA. Los Ancelesdə Azərbaycan gecəsi keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, bu şəhərdə fəaliyyət göstərən nüfuzlu Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən iyulun 25-də Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Tədbir Levantayn Mədəniyyət Mərkəzində baş tutub.

Qeyd edək ki, vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan Los Anceles Beynəlxalq Ziyarətçilər Şurası ABŞ Dövlət Departamentinin xətti ilə dünyanın müxtəlif ölkələrindən Los Ancelesə qısamüddətli ixtisasartırma kurslarına gələn peşəkarlara ev sahibliyi edir.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlər ilə münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti barədə danışan diplomat bildirib ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. O qeyd edib ki, Ermənistan rəhbərliyinin siyasəti nəinki bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni bundan da böyük fəlakətlərə sürükləyir. Ermənistan əhalisinin son 22 il ərzində 1 milyon azaldığını və son beynəlxalq rəy sorğusuna görə ölkə əhalisinin az qala yarısının Ermənistanı daimi olaraq tərk etmək arzusunda olduğunu bildirən baş konsul bunun təsadüfi olmadığını, Ermənistan hökumətinin yarıtmaz siyasətinin birbaşa nəticəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri səs-küy salaraq tədbiri pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək rüsvayçı şəkildə tədbiri tərk etməyə məcbur olublar.

Gecə azərbaycanlı xanəndə Şəhla Saruxan tərəfindən Azərbaycan mahnılarının ifası ilə yekunlaşıb. İfa iştirakçıların sürəkli alqışları ilə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR