Prezident Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub - FOTO

Prezident Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub - <span style="color: red;">FOTO
# 10 sentyabr 2013 17:52 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub. APA-nın verdiyi xəbərə görə, dövlət başçısına bildirildi ki, kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilib. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradacaq. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulub. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçiriləcək. Həmçinin bildirildi ki, istehsal olunacaq süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin ediləcək. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunub.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev prezident İlham Əliyevə kompleksin tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan istehsal və emal müəssisələri barədə məlumat verib. Bildirilib ki, Gəncədə “Elba” və “Halal Qida” brendi ilə 5 növdə, 30-a yaxın çeşiddə kolbasa və sosiska, 2 çeşiddə yarımfabrikat – çiy və bişməmiş dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik istehsal gücü min ton olan ət kəsimi fabriki və min tonluq soyuducu anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler fabriki fəaliyyət göstərir. Hazırda Gəncədə illik 12 min ton ət kəsimi və 3,2 min ton ət emalı gücünə malik olan, Almaniya və Türkiyə texnologiyası əsasında müasir ət kəsimi və emalı fabriki də inşa olunur. İstehsal olunan ət məhsullarının Gəncə-Qazax iqtisadi rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da satışı həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış dövlət güzəştli kredit vəsaitləri mühüm rol oynayır.

Dövlət başçısı gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin “Tetra Pak” şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar “Gədəbəy” brendi adı altında buraxılacaq.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR