Podqoritsada Monteneqro-Azərbaycan biznes forumu keçirilib

 Podqoritsada Monteneqro-Azərbaycan biznes forumu keçirilib
# 06 mart 2014 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Monteneqroya səfəri çərçivəsində Monteneqro İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu keçirilib.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən Ş.Mustafayev son illər ərzində Azərbaycan-Monteneqro əməkdaşlığının inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb. İkitərəfli əlaqələrin inkişafı və sahibkarlar arasında işgüzar təşəbbüslərin təşviqi baxımından biznes forum, təqdimat və sərgilərin əhəmiyyətini qeyd edən nazir ilk dəfə keçirilən Monteneqro-Azərbaycan biznes forumunun əhəmiyyətini diqqətə çatdırıb.

O qeyd edib ki, hazırda bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək.

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və Monteneqro İqtisadiyyat Palatasının vitse-prezidenti İvan Savelyiç çıxışlarında ölkələrinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühitinə, Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış ediblər. Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə Azpromo arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR