Təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında səfərdə olub

Təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında səfərdə olub
# 17 may 2013 17:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilk öncə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, buradan Heydər Əliyev muzeyinə yola düşüb.

Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı unikal eksponatlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib.

Görüşdən sonra təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilib. Çıxışında təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunub, Saleh Məhərrəmova yeni fəaliyyətində uğurlar arzu edib. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb. Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları üçün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Təhsil naziri Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə tanış edilib, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib. Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Respublikası Təhsil nazirliyinin məsul əməkdaşları müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR