Azərbaycan Xarici İşlər Nazirliyi: “Vətəndaşlarımızı Suriyaya getməkdən çəkinməyə çağıran xəbərdarlığımız hələ də qüvvədədir”

Azərbaycan Xarici İşlər Nazirliyi: “Vətəndaşlarımızı Suriyaya getməkdən çəkinməyə çağıran xəbərdarlığımız hələ də qüvvədədir”
# 20 may 2013 10:38 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Xarici İşlər Nazirliyi Suriyadakı mövcud siyasi-ictimai vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vacib olmadıqda səfərlərini təxirə salmağı tövsiyə edir. Bu barədə APA-ya Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Suriyada vəziyyət gərginləşdikdən dərhal sonra Azərbaycan səfirliyi bu ölkədəki vətəndaşlarımızın durumunu daim diqqətdə saxlayıb: “Bütün Azərbaycan vətəndaşları ölkədən çıxarılıb və dəfələrlə vətəndaşlarımıza Suriyaya səfərlərini təxirə salmalarını tövsiyə olunub. Bu barədə Azərbaycan XİN-yi xəbərdarlıq yayıb və xəbərdarlıq bu günə kimi qüvvədədir” – deyə, E. Abdullayev bildirib.

Xatırladaq ki, Suriyada mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Suriyadakı səfirliyi müvəqqəti olaraq Beyruta köçürülüb. Azərbaycan XİN-in xəbərdarlığında xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi köməklik göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Qeyd edək ki, son zamanlar "Youtube" video paylaşım şəbəkəsində azərbaycanlı vəhhabi terrorçunun çağırışı yayılıb. Terrorçu Azərbaycandakı vəhhabiləri Suriyada döyüşlərdə iştiraka çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR