Yevlaxda sahibkarlara 8,6 mln. manat güzəştli kredit verilib

Yevlaxda sahibkarlara 8,6 mln. manat güzəştli kredit verilib
# 15 may 2014 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunun Salamabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-nun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 668 sahibkara 83,6 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 900-dan çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

O qeyd edib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 348,3 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, heyvandarlıq komplekslərinin, üzümçülük, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 29 700-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb: “Yevlax rayonu üzrə isə indiyədək 540 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 17.8 mln. manat kredit verilib ki, bu kreditlər hesabına rayonda 2 600-dan çox yeni iş yerinin açılması mümkün olacaq”.

Tədbir çərçivəsində Yevlax və ətraf rayonlardan olan 53 sahibkara 8,6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq və iri taxılçılıq təsərrüfatlarının yaradılmasına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 200-ə yaxın yeni iş yeri açılması imkanı yaranacaq.

Yevlax rayonunun Salamabad kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb. Forum çərçivəsində Mingəçevir şəhərində güzəştli kredit ayrılmış çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR