Millət vəkili: “Azərbaycançılıq və türkçülük arasında sərhəd çəkmək istəyən qüvvələr var” - FOTO

Millət vəkili: “Azərbaycançılıq və türkçülük arasında sərhəd çəkmək istəyən qüvvələr var” - <span style="color: red;">FOTO
# 11 iyun 2014 09:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Dil Qurumu "Milli İdeologiya məsələləri; türkçülük və azərbaycançılıq" mövzusunda elmi konfrans keçirib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, mədəniyyət və mənəviyyat sahələri həmişə diqqət mərkəzində olmalıdır.

S. Rüstəmxanlı azərbaycançılıq və türkçülük arasında bir sərhəd yaratmaq istəyən qüvvələrin olduğunu vurğulayıb: “Dil mənəvi və ideoloji həyatımızın tərkib hissəsidir. Azərbaycanda türkçülük və azərbaycançılıq barədə çoxsaylı əsərlər yazılıb. Azərbaycanın milli ideologiyası son 200 ildə şəxsiyyətlərimizin səyi nəticəsində formalaşmış bir düşüncə sistemidir. Ancaq təəssüf ki, bu gün azərbaycançılıq və türkçülük arasında sərhəd çəkmək istəyən müəyyən qüvvələr var. Azərbaycanda həmçinin türkçülüyün əhəmiyyətini itirdiyi barədə düşünən insanlar var. Bütövlük, azərbaycançılıq, türkçülüyü ayırmaq və bunları inkar etmək olmaz. Bu, bir dövləti sarsıtmaq siyasətidir. Bu gün dünyada bir türk düşmənçiliyi hökm sürür. Biz dil qurumu olaraq, bütün qüvvəmizlə çalışacağıq ki, türkçülük ideologiyasına kənar qüvvələrin təsirinin qarşısını alaq”.


AMEA-nın əməkdaşı Faiq Qəzənfəroğlu isə çıxışı zamaı qeyd edib ki, türkçülüyü azərbaycançılığın tərkib hissəsi kimi qəbul etmək olmaz: “Çünki min illər boyu dövləti quran, yaradan türk ulusu olub. Bu gün bizim əksəriyyətimizin düşüncəsi Sovet təfəkküründən kənara çıxmır. Niyə 1936-cı ilə qədər türk dilini dəyişə bilmədilər? Çünki Sovet rəhbərliyi anlayırdı ki, millətin şüurunu dəyişmədən, onun dilini dəyişmək olmaz. Ona görə də repressiyalara qədər millətin şüurunu dəyişdirdilər. Azərbaycan bir dövlətin adıdır. Biz Azərbaycan deyəndə, coğrafi ərazi nəzərdə tuturuq. Düşünürəm ki, biz milli kimliyimizə sahib çıxmalıyıq. Bunun üçün bütün islahatları öncə təhsildən başlamalıyıq”.


Məhərrəm Zülfüqarlı isə bildirib ki, bu gün Azərbaycan dilinin təbliğində xeyli problemlər mövcuddur: “Azərbaycanda beynəlxalq tədbirlər keçirilir. Bu cür yığıncaqlarda çıxışları Azərbaycan dilində yox, xarici dildə görmək mümkün olur. Bu da yolverilməzdir”.


Tədbir müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR