Azərbaycanda kənd təsərrüfatı məhsulunun həcmi 5% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsulunun həcmi 5% artıb
# 03 yanvar 2014 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulunun həcmi 4990,0 mln. manat olmaqla 4,8%, o cümlədən bitkiçilik üzrə 4,0%, heyvandarlıq üzrə 5,5% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkənin kənd təsərrüfatı sahəsində 1035,1 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilib döyülüb, hər hektardan orta hesabla 26,6 sentner olmaqla 2753,7 min ton (keçən il 2620,3 min ton) məhsul götürülüb.

Bundan başqa, hesabat dövründə 38,6 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 208,1 min ton (keçən il 181,9 min ton) məhsul toplanıb, hər hektardan orta hesabla 53,9 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 1073,7 min hektar dənli və dənli paxlalı bitki sahələrindən ilkin çəkidə 2961,8 min ton taxıl məhsulu götürülüb. Hektarın orta məhsuldarlığı 27,2 sentnerdən 27,6 sentnerə yüksələrək 0,4 sentner artıb.

Mövsüm ərzində sahələrdən 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 429,7 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 2,5%, tərəvəz və bostan məhsullarının istehsalı 0,5% artıb. Hektarın orta məhsuldarlığı kartof üzrə 5 sentner, tərəvəz üzrə 2 sentner, bostan məhsulları üzrə 8 sentner artıb və müvafiq olaraq 152, 156 və 151 sentnerə çatıb.

Bundan başqa, dekabrın 1-nə qurudulmuş çəkidə 3,5 min ton tütün yarpağı, 18,1 min ton dən üçün günəbaxan istehsal edilib, emal müəssisələrinə 42,6 min ton xam pambıq yığılıb satılıb.

Hesabat dövründə 5465 hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. 5324 hektar sahənin (97,4%) çuğunduru qazılıb və həmin sahələrin hər hektarından 340 sentner olmaqla 180,8 min ton məhsul götürülüb. Bu dövrdə 839,7 min ton və yaxud keçən ildəkindən 4,7% çox meyvə və giləmeyvə, 152,5 min ton (3,6% çox) üzüm, 567,5 ton (3,1%) yaşıl çay yarpağı toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR